Newscenter.az.13.08.2021. Azərbaycan Ermənistanla müharibədə Türkiyə və İsrail istehsalı olan pilotsuz uçuş aparatlarından geniş şəkildə istifadə etdi. Azərbaycan pilotsuz uçuş aparatlarının hesabına havada Ermənistan üzərində tam nəzarəti əldə etdi. Rusiyanın keyfiyyətli pilotsuz uçuş aparatları olmadığına görə Ermənistana nəsə verə bilmədi. Qarabağ uğrunda müharibə Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarını məşhurlaşdırdı. İsrail də bu silahların istehsalına xüsusi diqət ayırır. Ancaq müasir pilotsuz uçuş aparatlarının istehsalında böyük ölkələrin də payı var.
ABŞ-ın “Popular Mechanics” dərgisinin yazdığına görə, Amerika pilotsuz uçuş aparatlarının istehsalında Çinlə rəqabət aparır. Amerika Çindən geri qalmaq istəmir və bu məqsədlə hazırda 3 tip pilotsuz uçuş aparatının istehsalı üzərində sınaqlar keçirilir. Dərgidəki yazıda vurğulanıb ki, daha modern pilotsuz uçuş aparatları istehsal edən ölkə müdafiə və hücum sistemində üstünlük qazanacaq. Həqiqətən Qarabağ uğrundakı müharibə də göstərdi ki, bahalı tanklar və raketlər kiçik həcmli pilotsuz uçuş aparatlarının hücumları qarşısında acizdirlər.
Çin yeni pilotsuz uçuş aparatlarının sınaqdan keçirilməsini və istehsalını artırıb. Hərbi mütəxəssislər Çinin bu sahədə əsas rəqiblərini qabaqlamağa çalışdığını vurğulayırlar. Bu ölkədə pilotsuz uçuş aparatlarının yüzlərlə modeli mövcuddur. Çin istehsalı olan pilotsuz uçuş aparatları həm kəşfiyyat, həm də hücum xarakterlidir. Maraqlıdır ki, Çin Türkiyə və İsraildən fərqli olaraq başqa ölkələrə pilotsuz uçuş aparatlarının satışı ilə geniş şəkildə məşğul olmur.
Çinin müdafiə sınayesi istehsal etdiyi pilotsuz uçuş aparatlarını öz ordusuna, hərbi hava və dəniz qüvvələrinə təhvil verir. Çin müdafiə sənayesi pilotsuz uçuş aparatlarını orduya təhvil verdikdən sonra yenilərinin icadı üzərində çalışmalara başlayır.
Amerika kəşfiyyatının məlumatına görə, Çinin nəzarətində olan pilotsuz uçuş aparatlarının 70 faizi yaxın məsafədə döyüşlər aparmaq üçündür. Çin kəşfiyyat xarakterli dronlara da önəm verir. Amerikalı hərbi mütəxəssislər hesab edirlər ki, Çin yaxın gələcəkdə kəşfiyyat xarakterli dronlardan Əfqanıstan səmasında istifadə edəcək.
Çin pilotsuz uçuş aparatlarından ilk növbədə harada istifadə etmək istəyir?
ABŞ qoşunları Əfqanıstanı tərk edirlər və bu ölkə uğrunda mübarizə yenidən qızışıb. Taliban qruplaşması ard-arda şəhərləri ələ keçirir. Əfqanıstanda əsas oyunçulardan biri Çin olacaq. Çinin Əfqanıstanla sərhəddi uzun olmasa da, Pekin bu ölkədə siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışır. Pekin məhz bu məqsədlə Taliban hərəkatının rəhbərliyi ilə intensiv danışırlar aparır. Taliban hərəkatının pilotsuz uçuş aparatları yoxdur. Ona görə də əgər Çin istehsalı olan kəşfiyyat dronları Əfqanıstan səmasında uçmağa başlayarsa, bu Talibanın işinə yarayacaq. Çünki Taliban öz rəqibləri haqqında Çin dronları vasitəsilə kəşfiyyat məlumatları toplaya biləcək.
“Atlas” Araşdırmalar Mərkəzi