Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Salyanda "Nizami Gəncəvi İli"nə töhfə-FOTOLAR



Newscenter.az.13.08.2021. Ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş​ silsilə tədbirlər davam etməkdədir.

Növbəti tədbirlərdən biri də Salyan Rayon Heydər Əliyev Mərkəzində təşkil edildi. Mərkəzdə həm “Nizami Gəncəvi İli”nə həsr olunmuş rəsm sərgisi, həm də Salyan Rayon Heydər Əliyev Mərkəzinin yaranmasının 15 illiyi münasibətilə tədbir keçirildi.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov, rayonun ağsaqqalları, ziyalılar, idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə sərgi ilə tanış olduq, həmçinin mərkəzin 15 illik fəaliyyətini əks etdirən video-çarxı izlədik.

Onu da qeyd edim ki, sərgidə heykəltaraş Rauf İbrahimovun möhtəşəm əl işləri, ​ rəssamlar​ Ərkinaz Salmanzadə, Səriyyə Yarıyeva, Fatimə Əliyeva, Turanxanım Cavadova və Vüsalə Kərimzadənin rəsm əsərləri nümayiş etdirildi.

Sərgidə nümayiş etdirilən, dekorativ - tətbiqi sənətin ən qədim və geniş yayılmış növlərindən biri olan bədii oyma sənətinin nümunələri - ​ taxtada oyma üsulu ilə ərsəyə gətirilmiş əl işləri, bir-birindən maraqlı rəsm əsərləri - portret və mənzərələr diqqətimi cəlb etməyə bilməzdi. Çünki hər bir əsər, onun müəllifinin istedadını, iç dünyasının gözəlliyini və zənginliyini, dünyaya fərqli baxışlarını əks etdirir. ​

Tədbirdə Salyan Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarını əlamətdar gün münasibəti ilə təbrik etdim. Yüksək səviyyədə və zövqlə təşkil edilmiş hər iki tədbirin iştirakçılara xoş təəssürat bağışladığını, Mərkəzin 15 illik fəaliyyəti dövründə Ümummilli Liderimiz Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunan, eləcə də müxtəlif aktual mövzuları əhatə edən dəyirmi masalar, diskussiyalar, elmi-praktik konfranslar keçirdiyini və fəaliyyətinin kifayət qədər səmərəli olduğunu vurğuladım.

Mərkəzin hər bir əməkdaşını bir daha təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıram.
P.S. Bütün rəsmlər gözəlliyi, rəngarəngliyi ilə insanın ruhunu oxşayırdı. Seçim etmək çətin olduğundan ən balaca iştirakçı, 9 yaşlı Vüsalə qızımızın rəsmini əldə etməyə qərar verdim.

Jalə Əhmədova
Milli Məclisin deputatı
Xəbəri paylaş