Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhidlərimizin ailə üzvləri və qazilərimizin iş probleminin həllinə dəstək verməliyik



Newscenter.az.14.08.2021. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılmış “Məşğulluq marafonu”nu çərçivəsində təqdim edilən vakansiyalar üzrə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərin işlə təminatı prosesi uğurla davam edir. Həmin vakansiyalar üzrə artıq 400-ə yaxın şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 300-ə yaxını qazi, digərləri şəhid ailəsi üzvləridir.

Vətən müharibəsində torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan bu marafonda iştirak edən işəgötürənlərin sayı da gündən-günə artmaqdadır. Qürurvericidir ki, istər dövlət, istərsə də özəl sektorda fəaliyyət göstərən hər bir işəgötürən igidlərimizin işlə təminatına öz dəstəklərini verməkdədir. Artıq işəgötürənlərin sayı 382-ə, müvafiq e-sistemə daxil edilən vakansiyaların sayı isə 1672-yə çatıb.

Dəyərli həmvətənlərim,

İşəgötürənlərin sayının 3 rəqəm deyil, 4, 5 rəqəmə çatacağına inanır, ölkəmizdə fəaliyyət göstərən holdinqləri, böyüklü, kiçikli bütün müəssisə və şirkətləri, fabrik və zavodları “Məşğulluq marafonu”na qoşulmağa, Azərbaycanın qəhrəmanlıq salnaməsinə öz adlarını qızıl hərflərlə yazmış igidlərimizin məşğulluğuna dəstək verməyə çağırıram. Çünki Vətən müharibəsi günlərində bizim onlara ehtiyacımız vardı, bu gün isə onların bizlərə ehtiyacı var. Gəlin bunu unutmayaq! ​

Zəfər qazandığımız İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı öz birliyini və gücünü bütün dünyaya nümayiş etdirdi, o Böyük Qələbə naminə uşağından ağsaqqalına kimi hər kəs Müzəffər Ali Baş Komandanın, Rəşadətli Azərbaycan Ordusunun yanında oldu. Bugünkü gün isə biz milli birliyimizi və həmrəylimizi o Möhtəşəm Qələbəni bizə yaşatmış qəhrəmanlarımız üçün nümayiş etdirməli, şəhidlərimizin ailə üzvləri və qazilərimizin iş probleminin həllinə dəstək verməliyik.

Bu bizim hər birimizin ən müqəddəs borcudur! ​ ​ ​

​ ​ ​ ​
P.S. Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız layihə çərçivəsində işlə təmin olunmaq üçün​ https://dma.gov.az/layiheler/mesgulluq-marafonu​ linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciət edə bilərlər.

Jalə Əhmədova
Milli Məclisin deputatı
Xəbəri paylaş