Newscenter.az.15.08.2021. Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 29 il keçir.
Newscenter.az-in məlumatına görə, ötən əsrin sonunda müstəqillik əldə edən Azərbaycanda milli pul vahidinin yaradılmasının əsası o vaxtkı prezident Əbülfəz Elçibəyin 15 iyul 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanı ilə qoyulub.
1992-ci il avqustun 15-də 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinaslar, 1993-cü ilin martında isə 50, 100, 500 və 1 000 manatlıq əskinaslar dövriyyəyə buraxılıb. Azərbaycanın ilk pulları Fransa Mərkəzi Bankında hazırlanıb.1992-ci ilin avqustundan 1994-cü ilin yanvarına qədər Azərbaycan ərazisində 1 manat 10 rubla bərabər olub, yəni hər iki valyutadan istifadə edilib. Prezident Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Milli valyutanın respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” fərmanından sonra Azərbaycan rubl zonasından çıxıb. Bununla da Milli Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirməyə başlayıb.