Newscenter.az.15.08.2021. AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədbəyov vəfat edib.
Bu barədə institutdan Newscenter.az-a məlumat verilib. Məlumata görə, o, 62 yaşında dünyasını dəyişib.
Elxan Şərif oğlu Məmmədbəyov 1959-cu ildə Sabirabad rayonunun Yolçubəyli kəndində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirib. Həmin ildən AMEA Coğrafiya institutunun "Toponimika" (coğrafi adlar) şöbəsində laborant kimi işə başlayıb. 1986-1990-cı illərdə Coğrafiya institutunun landşaftşünaslıq şöbəsinin aspirantı olub. 1986-1995-ci illərdə "Aerokosmik metodlar" bölməsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb.
1992-ci ildə "Kiçik Qafqazın cənub-şərq yamacı landşaftlarının antropogen dinamikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
E.Məmmədbəyov təbii və antropogen landşaftlar, aerokosmik metodların coğrafi tədqiqatlara tətbiqi və eləcə də toponimika sahəsində əhəmiyyətli nailiyyətlər əldə edib. Aerokosmik tədqiqat metodları əsasında Kiçik Qafqazın cənub-şərq hissəsi təbii landşaftlarının antropogen təsirlər nəticəsində inkişaf meyllərini, dinamikası və differensassiya xüsusiyyətlərini öyrənib. Xüsusilə, landşaftların ayrı-ayrı tarixi dövrlərdə dinamikasını müəyyənləşdirməklə, Azərbaycanın paleocoğrafi təkamülü məsələsinin öyrənilməsində yeni yollar açıb. Kür-Araz ovalığı müasir landşaftlarının tədqiqi nəticəsində ərazinin ekoloji-coğrafi xüsusiyyətlərini, səhralaşma ocaqlarını müəyyən edib və xəritələşdirib. Landşaftların ekoloji təhlükəsizliyini təmin etmək məqsədilə onun təbii ehtiyat potensialını müəyyən edib və qiymətləndirib.
O, 60-dan artıq elmi, elmi-kütləvi məqalələrin müəllifidir. Azərbaycan coğrafiya elminin nailiyyətlərini beynəlxalq elm aləmində təbliğ edib.
Bakı Dövlət Universitetinin müəllimi olub.
Coğrafiya İnstitutunun kollektivi Elxan Məmmədbəyovun vəfatından kədərləndiyini bildirib və mərhumun ailəsinə, eləcə də bütün onu sevənlərə dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!