Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Talibanın güclənməsi qonşu Pakistan üçün vacib əhəmiyyətə malik hadisə kimi qiymətləndirilə bilər



Newscenter.az 15.08.2021. Yayılan son məlumatlara əsasən Taliban silahlı dəstələri paytaxt Kabulu nəzarət altına alıblar. Ona görə də Taliban silahlı qruplaşması Əfqanıstanı tam nəzarətə götürdüyünü elan etdi və bəzi dünya media qrumları yaxın vaxtlarda Əfqanıstan prezidenti Əşrəf Qəninin istefa verəcəyi haqda məlumatlar yaymaqdadır. Eyni zamanda Əfqanıstan Daxili İşlər Nazirliyindən bir açıqlama gələrək qarşıdurmanın olmayacağı, hakimiyyətin dinc yolla Talibana təhvil veriləcəyini bildirdiyi də yayılan informasiyalar sırasındadır. Hətta o da qeyd ediilir ki, Taliban ABŞ-dan qalan 1 milyard dəyərində silah-sursatı və hərbi texnikanı da ələ keçirib.

20 ildən sonra ABŞ-ın Əfqanıstandan çəkilməsindən dərhal sonra Taliban ölkədə sürətlə böyüməyə başladı. Əfqanıstanın sürətlə ölkəni ələ almasından sonra həm qonşu dövlətlər, həm regional güclər, həm də qlobal güclər Talibanla danışıqlar aparmaq və uzlaşmaq üçün can atmağa başladıqlarını da demək mümkündür.

Burada sual oluna bilər ki, mövcud əfqan hökumətinin devrilməsi və Talibanın hakimiyyətə gəlməsi hansı dövlətlər məqbul, hansı dövlətlər üçün qeyri-məqbul hesab edilə bilər? Hansı ölkələrin Əfqanıstanda strateji hədəfləri daha böyükdür? Talibanın hakimiyyətə gəlişi Əfqanıstanda, regionda və dünyada nəyi dəyişə bilər və yaxud dəyişəcək?

Öncə onu qeyd etmək lazımdır ki, mövcud əfqan hökuməti təkcə ABŞ və Qərb ölkələri ilə isti münasibətlərə malik deyildi, eyni zamanda Hindistanla da münasibətlərinin yaxşı olduğunu demək mümkündür. Əlavə olaraq onu da qeyd etmək olar ki, eks Əfqanıstan prezidenti Həmid Kərzai Hindistanda təhsil almışdır. Məhz buna görədir ki, bir müddət öncə Hindistan tərəfi açıqlama verərək Talibanın hərəkətlərinin narahat verici olduğunu dilə gətirmişdir. Amma bununla belə Taliban hökuməti ilə də münasibətlərin normallaşması üçün yollar axtaracağı gözləniləndir. Nəzərə alsaq ki, Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəməri həm də Əfqanıstan ərazisindən keçir və Hindistan enerji təminatının ödənilməsi üçün vacib əhəmiyyətə malikdir, o zaman məsələ tamamilə aydın olur. Çin, İran və Rusiya üçün hakimiyyətdə kimin olması o dərəcədə önəmli hesab edilə bilməz. Fikrimcə, Talibanın siyasi qanadının ölkədə tam haimiyyəti ələ almadan öncə sözügedən dövlətlərə səfər etməsi və danışıqlar aparması məsələnin nədən ibarət olduğunu deməyə əsas verir. İran istər mövcud əfqan hökuməti, istərsə də Talibanla dil tapmağa çalışdığı açıq şəkildə görünməkdədir. Çin həm özü, həm də yaxın müttəfiqi Pakistan vasitəsi ilə Talibanla dil tapmağa və Əfqanıstanda formalaşdırdığı nüfuzunu qorumağa çalışır. Son zamanlar Çin Əfqanıstana milyardlarla dollar dəyərində investisiya qoyub və bu proses bu gündə davam etməkdədir. Eyni zamanda Çin Əfqanıstanda yeraltı təbii sərvətlərin əsas istismarçılarından biri hesab edilir. "Bir Kəmər, Bir Yol" layihəsinin bir qolu da

Əfqanıstandan keçərək Mərkəzi Asiyanın digər ölkələrində gedir. Odur ki, Çin bütün vasitələrdən istifadə edərək Taliban hökuməti ilə əlaqələri yaxşı tutmağa çalışacağı gözləniləndir. Rusiya üçün Əfqanıstan bir neçə cəhətdən vacib əhəmiyyətə malik ölkədir. Əfqanıstanın Rusiya çətiri altında olan KTMT-nin üzvü Tacikistan ilə qonşu olması və Özbəkistanla qonşu olması Rusiyanın narahat olduğu ən həssas nöqtələrdən biridir. Bu iki məsələ Rusiyanın Mərkəzi Asiya siyasətinə ciddi təsir edən amillərdəndir. Ona görə də Əfqanıstanda formalaşmış və formalaşacaq istənilən hakimiyyətlə isti münasibətlər qurmaqda maraqlıdır.

1998-ci ilin avqust ayında Talibanın Əfqanıstanın Məzari-Şərif şəhərini ələ keçirdi. Sentyabr ayında isə taliban silahlıları Məzari Şərifdə fəaliyyət göstərən İran başkonsulluğuna silahlı basqın etdiyi və 9 konsulluq əməkdaşlarını öldürdürdü. Bu hadisə İran tərəfindən hiddətlə qarşılandı və baş verən hadisə İranın Talibana qarşı aqressiv mövqedə olmasına səbəb oldu. Şübhəsiz ki, zaman keçdikcə xarici siyasət maraqları baxımından münasibətlərə də dəyişməyə başladı. Ona görə də İran üçün Talibanla əməkdaşlıq vacib əhəmiyyətə malikdir.

Əfqanıstanda Talibanın güclənməsi qonşu Pakistan üçün vacib əhəmiyyətə malik hadisə kimi qiymətləndirilə bilər. Ona görə ki, Talibanın idarə olunmasında iştirak edən şəxslərin Pakistanla sıx əlaqələrə malik olduğu da söylənilən fikirlər arasındadır. Məhz ABŞ-ın Əfqanıstanı işğalı zamanı Əfqanıstan-Pakistan sərhəddində yerləşən dağ silsilələri Taliban döyüşçüləri üçün əsas sığınacaq hesab edilirdi. Təsadüfi deyil ki, bir neçə gün öncə Pakistan baş naziri İmran Xan açıqlama verərək bildirdi ki, bütün gücləri ilə çalışacaqlar ki, Taliban və Türkiyə arasında uzlaşma əldə edilsin. Şübhəsiz ki, Türkiyənin də Əfqanıstanda qalmaq niyyəti var və ABŞ və NATO qoşunlarından sonra Türkiyənin Əfqanıstandakı əsas missiyası Həmid Kərzai adına Kabul hava limanının mühafizəsini həyata keçirməkdən ibarətdir.

Taliban hakimiyyəti tam ələ alacağı təqdirdə həm geosiyasi, həm də geostrateji mənada ciddi dəyişikliklərin olması gözləniləndir. Burada diqqəti çəkən əsas məsələ qərbə yayaılması qaçılmaz olan əfqan köçüdür. Artıq köçün başladığı haqda məlumatlar dünya mediasının əsas başlığına çevrilib. Onu da qeyd etmək lazımdır ki, hər dövlət əfqan qaçqınların öz ərazisinə buraxmaq niyyətində deyil. Burada məsələyə həm terror təhdidi, həm də ərzaq təhlükəsizliyi baxımından yanaşılır. Son verilən statistikalara əsasən 1 milyondan artıq əfqan qaçqın İran, Türkiyə, Pakistan və Mərkəzi Asiyanın bəzi ölkələrinə yayılıb. Hesablamalara görə bundan sonra da bu qaçqın dalğasının olacağı gözləniləndir. Əfqan qaçqınlarının daha çox üz tutduğu ölkələr sırasında İran və Türkiyə ön sırada dayanır. Qeyri-dəqiq statistikaya görə İranda 800 minə qədər əfqan qaçqın məskunlaşıb. Bu qaçqınlar İrandan əsasən tranzit kimi istifadə etməkdədir. Türkiyəyə axın edən əfqan qaçqınlarının da sayı artmaqdadır.

Hesab edirəm ki, ABŞ-ın Əfqanıstandan çıxması bir tərəfdən SSRİ-nin aqibətini yaşaması kimi də qiymətləndirilə bilər. Yəni, məsələyə işğal etmək asan, əldə saxlamaq çətin prinsipi ilə yanaşmaq olar. Digər tərəfdən isə bundan sonrakı dövrdə dünya gücləri üçün Mərkəzi Asiyanın, xüsusilə də Əfqanıstanın qızğın mübarizə meydanı olacağını demək mümkündür.

Samir Hümbətov-siyasi şərhçi
Xəbəri paylaş