Newscenter.az.16.08.2021. Prezident İlham Əliyevin “CNN Türk” telekanalına müsahibəsi 44 günlük Vətən Müharibəsində Zəfər qazanan Müzəffər Ordunun Ali Baş Komandanın müharibədən sonra Ermənistana və havadarlarına açıq və sərt mesajları, eyni zamanda, revanş istəyən ermənilərə yeni müharibənin anonsu kimi qiymətləndirilə bilər.
İlk növbədə, onu qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti özünün müdrik və siyasi uzaqgörənliyini, xoşniyyətli davranışını nümayiş etdirirək, sülh və əmin-amanlığın, bölgədə möhkəm sülhün və dayanıqlı təhlükəsizliyin təşəbbüskarı olduğunu ifadə edir. Bütün region və qonşu dövlətləri, dünya birlyini Azərbaycanın Qarabağda formalaşdırdığı yeni siyasi reallıqlara uyğun addımlar atmağa və davamlı sülhün qorunmasına, hamıya töhfə verəcək birgə geniş regional əməkdaşlığa dəvət edir. Bu, Cənab Prezidentin təmkinli və praqmatik Siyasi dühasını, humanizmini və sülhpərvərliyini nümayiş etdirir.
Cənab Prezident, bununla yanaşı, Azərbaycanın milli maraqlarının, mənafeyinin, suverenliyinin hər şeydən üstün olduğunu təsdiqləyərək regionda Azərbaycana qarşı hər hansı bir təhdid və təhriklərin qətiyyən yolverilməzliyini xəbərdar edir. Bölgədə formalaşmış kövrək sülhün pozulmasına cəhdlərə, bu təhrikedici hərəkətlərlə barışmazlığını qətiyyətli və sərt əzmkar mövqeyilə əks etdirir.
Prezidentin xəbərdarlığının ünvanları da çox açıq və dəqiqdir: İlk olaraq, səmt Qarabağda sülhün qorunmasını təmin etməli olan Rusiya sülhməramlılarıdır: “Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin. Bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın”. Konkret və qəti bəyanatdır. Çünki Ermənistanın kimin forpostu olması heç kimə sirr deyil.
Hər kəsə bəllidir ki, Ermənistanda keçirilmiş son parlament seçkilərində erməni xalqı məğlub edilmiş rəhbərliyə yenidən səs verməklə müharibə istəmədiyini təsdiqlədi. Belə olan halda Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır.
Digər məntiqə sığmayan amil islam ölkəsinin davranışıdır. Təəssüf ki, cənub qonşumuz olan İranda yeni rəhbərliyin hakimiyyətə gəlməsindən və bölgə ilə bağlı siyasətin hələ yeni formalaşmağa başlamasından sui-istifadə edən bəzi qüvvələr bu “basa-basda” ermənilərə aramsız müəmmalı yüklər daşımaqla məşğuldur. İnanmaq istərdik ki, yeni seçilmiş Prezident və XİN rəhbəri hökumət tam formalaşdıqdan sonra bu cür zərərli halların qarşısını alacaq və İran Azərbaycan və Ermənistan bağlı məsələdə və münasibətlərdə öz siyasətini ortaya qoyacaq.
Prezident İlham Əliyev bütün müsəlman ölkələrinə üz tutaraq deyirdi ki, islam aləminin zəngin dəyərlərini, milli-mənəvi dəyərlərini, məcsid və dini abidələrimizi dağıdan, donuz saxlayan Ermənistanla necə dostluq etmək olar? Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz.
"CNN Türk" televiziyasında müsahibə həm də bir xatırlatma, sonuncu xəbərdarlıq deməkdir. Xatırlayırsınızsa, Cənab Prezident 44 günlük Vətən müharibəsində davamlı olaraq hər gün dünyanın müxtəlif TV-lərinə müsahibələr verirdi. Həmin müsahibələrdə Azərbaycan torpaqlarını işğal etmiş erməni faşizminə və onu dəstəkləyən qüvvələrə üz tutaraq deyirdi ki, ermənilərin ölməsini istəmirsinizsə, onları durdurun. Bu məsələ sülhlə bitsin.
İndi də oxşar tendensiyalar baş verir, Azərbaycanın dövlət başçısı Qarabağda hələ də himayə olunaraq Ordumuza qarşı təxribatlara əl atan erməni silahlılarının havadarlarına səslənir ki, bu tör-töküntüləri yığışdırın. Azərbaycan Ordusu Qarabağda bütün proseslərə nəzarət edir, izləyir. Laçın dəhlizi bizim gözümüzün önündədir. Ordumuz Laçın dəhlizi ilə kimim hara getdiyini, nə apardığını çox dəqiqliklə görür. İkinci Qarabağ savaşından hər kəs dərs çıxarsın. Ermənistanı fəlakətə sürükləməyin, Hərbi Qənimətlər Parkına baxın, verdiyiniz silahlar, texnikalar məhv edilib, erməni əsgərlərinin dəbilqə və çəkmələrini sayıb-qurtarmaq olmur, diqqətlə baxın və nəticə çıxarın. Dəmir Yumruq yerindədir, Azərbaycanın məcbur etməyin ki, 4+4 günlük anti-terror əməliyyatı keçirməklə Ermənistanın olub-qalan silahlı qüvvələrinin sonuna çıxsın.
Cənab Prezidentin müsahibəsində Azərbaycan-Türkiyə qardaşlığı fonunda dünyaya xüsusi məna və məzmun daşıyan mesajı da diqqət çəkdi, Türkiyə-Azərbaycan birliyi artıq regional amildir və qlobal amilə çevrilməkdədir, bu isə regionun bütün məsələlərdə taleyini həll edir.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor