Newscenter.az.20.08.2021. 2021-ci il prezident İlham Əliyev tərəfindən “Nizami ili” elan olunub. Ölkəmizdə və xaricdə bu istiqamətdə bir sıra tədbirlər keçirilib. Bu çərçivədə Xarkov şəhərində görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan parkın və abidənin açılışı olacaq.
Newscenter.az xəbər verir ki, abidə və park Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsolloğunun təşkilatçılığı ilə açılışa hazırlanır.
Ukraynanın Xarkov şəhərində Azərbaycan Respublikasının Fəxri Konsulu Əfqan Salmanov bildirib ki, açılış Azərbaycan Respublikasının adına laiq təntənəli şəkildə keçiriləcək. Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının tanıdılması baxımından bu parkın salınması və abidənin qoyulması mühim əhəmiyyət daşıyır.
Açılış bu ilin sentyabr ayının ortalarına planlaşdırılır. Şairin adını daşıyacaq park və abidə şəhərin mərkəzində yerləşəcək.
Abidənin müəllifi Ukraynanın xalq rəssamı Katib Məmmədovdur.
Açılış tədbirində Ukraynanın tanınmış simaları, ictimai-siyasi xadimlər, deputatlar, merlər, qubernator və çoxlu sayda qonaqlar iştirak edəcək.
Hazırda parkda abadlıq işləri gedir. İşıqlar, oturacaqlar, quraşdırılır.
NEWSCENTER.AZ