Newscenter.az.23.08.2021. “Cənab Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə koronavirus pandemiyası dövründə əhalinin sağlamlığının qorunması, müayinə və müalicəsinin təşkili istiqamətində görülən əsaslı işlər çərçivəsində əhalinin vaksinləşməsi daha da intensivləşib”.
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib ki, parlamentdə təmsil etdiyi Abşeron-Qobustan rayonları üzrə qeydiyyatda olan 18 yaşdan yuxarı əhalinin ümumilikdə 82.6% artıq Covid-19 virusuna qarşı peyvənd olunub. Millət vəkili qeyd edib ki, Azərbaycanın hər bir şəhər və rayonunda olduğu kimi, Abşeron və Qobustan rayonlarında da təbliğat işləri aparılıb, gorülmüş işlərin nəticəsi olaraq xüsusi ilə Abşeron rayonunda əhalinin 89.1%-i peyvənd olunub:
“Hər kəsi vaksinasiya prosesində fəal iştirak etməyə, peyvənd olunmağa dəvət edirəm. Ailəmizin, dostlarımızın və doğmalarımızın sağlamlığının qorunması ilk növbədə hər birimizdən asılıdır. Geridə qoyduğumuz müddətdə virusla mübarizə, yoluxan şəxslərin müayinə və müalicəsi, həmçinin könüllü və dövlət hesabına həyata keçirilən vaksinasiya prosesində əməyi olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və yerli səviyyədə bu prosesinin həyata keçirilməsində Abşeron və Qobustan rayonlarının Icra Hakimiyyətlərinə, rayon mərkəzi xəstəxanalarının baş həkimləri başda olmaqla bütün tibb işçilərinə öz təşəkkürümü bildirirəm”.
NEWSCENTER.AZ