Newscenter.az.23.08.2021. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC tərəfindən yüksək keyfiyyətli beynəlxalq və şəhərlərarası telefon rabitəsinin təmin olunması məqsədilə “Alcatel 1000 S-12” tipli stansiya yenilənərək müasir standartlara cavab verən IMS (IP multimedia subsystem) texnologiyasına əsaslanan platformaya keçirilib.
Newscenter.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilir ki, uzunmüddətli istismar nəticəsində avadanlıqların köhnəldiyini, həmçinin tələbatı ödəmədiyini nəzərə alaraq ölkə ərazisində stansiyanın müasir əsaslarda quraşdırılması işlərinə 2019-ci ildən başlanılıb. Ötən müddət ərzində Bakı şəhəri və Yevlax rayonu ərazisində yeni stansiyalar quraşdırılıb və uğurla sınaqdan keçirilib. Artıq yeni stansiyalar tam istismara verilib.
IMS texnologiyasına keçid “Aztelekom” MMC istifadəçilərinə telefon xidmətlərindən istifadə zamanı daha keyfiyyətli rabitə xidmətindən faydalanmağa şərait yaradacaq.
Qeyd edək ki, informasiya-kommunikasiya texnologiyaları sektoru ölkə iqtisadiyyatının dinamik inkişaf edən aparıcı sahələrindən biridir. Bu məqsədlə rəqəmsallaşma, informasiya və kommunikasiya texnologiyaları sahəsində yeni infrastrukturun qurulması, müasir texnologiyaların tətbiqi, yeni avadanlıqların təmin olunması istiqamətində regionlarda bir sıra mühüm işlər aparılmaqdadır. Rayon, qəsəbə və kəndlərdə vətəndaşların dayanıqlı, təhlükəsiz və keyfiyyətli informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etmələri üçün ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq yeni nəsil avadanlıqlar quraşdırılır və layihələr həyata keçirilir.
Sevinc