Newscenter.az.23.08.2021. Misirdəki diaspor mərkəzinin binasında Azərbaycan dili, həmçinin Quran qiraəti və xəttatlıq kurslarını bitirən tələbələrə diplomlar təqdim olunub.
Newscenter.az xəbər verir ki, görüşdə çıxış edən “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun sözlərinə görə, Misirin müxtəlif universitetlərində təhsil alan və diaspor mərkəzində Azərbaycan dilini öyrənən 12 tələbə kursu müvəffəqiyyətlə bitirib. Onlar, həmçinin Azərbaycan tarixi və mədəniyyəti haqqında biliklər əldə ediblər.
S.Nəsirov diqqətə çatdırıb ki, diaspor mərkəzində ümumilikdə 500 gənc Azərbaycan dili ilə yanaşı, xəttatlıq, Quran qiraəti, ərəb dili və ədəbiyyatı və s. üzrə müxtəlif kurslarda iştirak edir. Onlar, əsasən, Afrika və Asiya ölkələrindən olan gənclərdir.
Kursu bitirmiş gənc misirli qızın Səməd Vurğunun “Azərbaycan” şeirini söyləməsi zalda alqışlarla qarşılanıb.
Sonra Quran qiraəti üzrə 10 tələbəyə, xəttatlıq sənəti üzrə isə 4 gəncə diplomlar təqdim edilib.