Newscenter.az.24.08.2021. 2003-cü ildə Prezident seçkilərində bütün rəqiblərinə qalib gələrək siyasi mübarizədən uğurla çıxan İlham Əliyevin yanında olan, dövlət başçısının həyata keçirdiyi fəaliyyətdə yardımçı funksiyasını şərəflə yerinə yetirən Mehriban Əliyeva Azərbaycanda ilk dəfə birinci xanım institutunun formalaşdırılması yolunda qətiyyətli addım atdı. O addım ki, qısa zaman kəsiyində birinci xanım olmağın nümunəsini bütün dünyaya nümayiş etdirdi və beynəlxalq diqqəti Azərbaycana yönəltdi.
Milli mədəniyyətimizin təbliğində, xeyriyyəçilik fəaliyyətində intibaha imza atmış Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanım Əliyevanın fəaliyyəti səmərəli və çoxşaxəlidir.
Hörmətli Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi fəaliyyət istiqamətlərində “Yumşaq güc” amilinin təcrübədə effektivliyinə bir daha əmin ola bilərik. Humanitar sahədə uğurlu fəaliyyət göstərən Mehriban xanım 2017-ci ildən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən siyasi rəhbərlik funksiyasını da icra etməyə başladı.
Mehriban xanım Əliyevanın çoxşaxəli vətənpərvər fəaliyyəti məhz, bəşəriyyətin xilasına yönələn milli-mənəvi idealların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, ictimai şüura hakim kəsilməsinə yönəlib.
2004-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsini də qlobal aspektdə yalnız bir ideya və amal təşkil edir: insanlara təmənnasız qayğı, cəmiyyətə xidmət!
Yarandığı gündən xalqın mənəvi sərvətinin və milli mədəniyyətinin sadiq keşikçisinə çevrilmiş Heydər Əliyev Fondu, ilk növbədə, Ümummilli liderin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən mühüm ideoloji-humanitar mərkəzdir. Qurumun başlıca məqsədi Ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq, respublikamızın nüfuzunu artırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən ibarətdir.
Təhsilin inkişafı sahəsində Mehriban xanımın vətənpərvərlik xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələri ilə yüzlərlə orta məktəb binası tikilmişdir. Həmin məktəblər müasir-texniki avadanlıqlarla, kompüterlərlə, idman qurğuları ilə təchiz edilib. Belə möhtəşəm layihələr hətta ən ucqar dağ kəndlərində gerçəkləşdirilir. Qax, Zaqatala və Balakən bölgələrində yaşayan gürcü dilli inqiloylar üçün Təhsilə dəstək proqramı çərçivəsində tikilən yeni məktəblər tədris ləvazimatları və dərsliklərlə təmin olundu. Bakıda yəhudi uşaqları üçün Xabad-Or-Avner təhsil mərkəzinin təməli qoyuldu.
Mehriban xanım Vətən yolunda qəhrəmanlıq göstərən Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda sağlamlığını itirən zabit və əsgərlərə də daim dəstək olur, diqqət və qayğı ilə yanaşır. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən döyüşlərdə yaralanmış əsgər və zabitlər yüksək texnologiyalı protezlərlə təmin edilir.
Mehriban xanımın gördüyü işlər sırasında qaçqın və məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması fəaliyyət proqramının ən ümdə vəzifələri sırasındadır. Onun dəstəyi ilə qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir. Ölkə ərazisindəki bütün çadır düşərgələri artıq ləğv olunub və orada məskunlaşan məcburi köçkün ailələri yeni salınmış qəsəbələrə köçürülmüşdür.
Həyata keçirilən xeyirxah işlər Ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin, habelə bu gün Vətən, xalq naminə aparılan məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürü olmaqla yanaşı, həm də Fondun cəmiyyətdə və ölkəmizdən xaricdə artan nüfuzunun ifadəsidir. Son illərdə görülmüş bütün bu işlər, qazanılmış uğurlar, ilk növbədə, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xeyirxahlıq, humanizm, vətənsevərlik hisslərinə, milli düşüncəyə söykənən fəaliyyətinin, dünyanın tanınmış bir çox ictimai və mədəniyyət xadimləri tərəfindən də yüksək dəyərləndirilən intellektinin, təşəbbüskarlığının, nüfuzunun, təşkilatçılıq və idarəetmə bacarığının bəhrəsidir.
Genişmiqyaslı fəaliyyətin nəticəsidir ki, Heydər Əliyev Fondu milli mənafelərə əsaslanan maarifçilik xəttini uğurla davam etdirən təşkilat kimi özünü təsdiqləmiş, çoxşaxəli fəaliyyəti ilə cəmiyyətdə böyük nüfuz və etimad qazanmışdır. Fond əsrin əvvəllərində yaşamış vətənpərvər ziyalılarımızın yeritdiyi fəal maarifçilik təmayülünü inamla reallaşdırır. Bu xoşməramlı missiya isə Azərbaycana gələcək üçün yüksək səviyyəli, intellektual kadrların yetişdirilməsinə, millətin nurlu sabahına xidmət edir.
Mehriban xanımın həyatı və fəaliyyəti hər bir Azərbaycan qadını üçün örnəkdir, nümunədir. Alicənablıq, insanpərvərlik, kübarlıq kimi ali insani dəyərlər, yüksək erudisiya sahibi olan, zərif mərhəmətli, şəfqətli Mehriban xanımı təbrik edirik.
Doğum Gününüz Mübarək olsun hörmətli Mehriban xanım!
Tural Məmmədov-
Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi