Newscenter.az.24.08.2021. Elmi arenada görsənən odur ki, Sinovac artıq rəqabətdə önəmli dərəcədə geri qaldı. Buna səbəb həm onun effektivlik faizinin zaman keçdikcə nəzərə çarpacaq dərəcədə aşağı düşməsi, həm də delta variantı oldu. Bütün bunları nəzərə alaraq artıq Sinovac yeni, xüsusilə delta variantına qarşı yüksək effektivlik sərgiləyəcək peyvəndin hazırlıqlarını bitirmək üzrədir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev səsləndirib. O bildirib ki, bu istiqamətdə müvafiq qurumlara artıq rəsmi icazə sənədləri də hazırlanıb:
"Bu haqqda Sinovac rəsmilərinin media qurumları üzərindən kifayət qədər açıqlamaları var. Bunları mütləq jurnalistlər tapmalı və Azərbaycanda ictimaiyyətin nəzərinə çatdırmalıdırlar. Sinovac rəsmilərinin delta variantı barədə dediklərini və eləcə də müxtəlif ölkələrin praktikasında rast gəlinənləri görməməzlikdən gəlib insanları bu mərhələdə Sinovac peyvəndini vurdurmağa çağırmaq elmi əsaslı deyil. Bir neçə ay əvvəl yalnız peyvənd çıxış yoludur və hər şey onunla bitəcək deyən şəxslərin indi peyvəndin effektinin sadəcə 6 ay olduğunu deməsi insanların Azərbaycan səhiyyəsinə olan ölmüş inamının basdırılması deməkdir".
Nuran Abdullayev qeyd edib ki, önümüzdəki aylarda bir çox ölkələrdə, o cümlədən də Azərbaycanda peyvənd alan insanlar arasında yoluxmalar maksimuma qalxacaq: "Azərbaycanda isə vəziyyəti daha təhlükəli edən Sinovac peyvəndinin çoxluq təşkil etməsi olacaq. Digər ölkələrlə müqayisədə Azərbaycanda xəstəliyin əvvəlki şəkildə ağır keçmə riski daha böyükdür. Bu istiqamətdə əhalinin maarifləndirilməsi mütləq aparılmalıdır və səhiyyədə ciddi addımlar atılmalıdır. Azərbaycanda 3-cü dozanın önəmliliyi məsələsi artıq digər ölkələrdən ciddi fərqlənir. Burada ortaya qoyulacaq strategiya daha əvvəllər yüksək effektli peyvənddən istifadə edən və 3-cü doza ilə virusa qarşı kifayət qədər immunitet yaradacaq ölkələrdəki kimi olmamalıdır. Bu strategiyanın da əsasında bugün Sinovacın Azərbaycanda dəqiq nə qədər effektivlik göstərməsi durmalıdır ki, bunu da təəssüf ki, mənim tanıdığım Azərbaycanda dəqiq demək artıq mümkün deyil. Amerikada və Böyük Britaniyada yayılan, hazırda AY.3 delta variantı adlandırılan virus bütün məsələləri ciddi şəkildə qəlizləşdirir. Yoluxduruculuq əmsalı yüksək olduğu görsənir. Ümumiyyətlə isə son günlər tanış olduğum elmi tədqiqatlar və müzakirələr onu deməyə əsas verir ki, delta variantından da təhlükəli virus variantının olması mütləqdir və qaçılmazdır".
Mehman