Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün Vətəni sevmək nümunəsidir



Newscenter.az.25.08.2021. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqın rifahına və dövlətimizin inkişafına həsr olunmuş çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün Vətəni sevmək nümunəsidir.

Bu gün hər bir vətəndaşımız şahiddir ki, Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi Mehriban xanım Əliyevanın ölkəmizdə sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsinə verdiyi töhfələr misilsizdir. Yəqin mənimlə razılaşarsınız ki, bu tandem müasir Azərbaycanın quruculuğunda bir lokomotiv rolunu oynayır.

Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi fəaliyyəti dövründə qısa müddətdə Azərbaycan tarixində qadın hərəkatına yeni bir nəfəs gətirdi. Mübaliğəsiz deyə bilərik ki, o, Azərbaycanın qadın hərəkatı tarixində bu qədər çoxşaxəli fəaliyyəti olan ilk şəsxiyyətdir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən işlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda dünyada sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Buna görə də bu gün Azərbaycan dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi tanınır.

Ötən illərdə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə təhsil, mədəniyyət, səhiyyə, ekologiya və digər sahələrdə bir çox önəmli layihə və proqramlar həyata keçirilib. Bu layihələrin ölkəmizin inkişafına verdiyi töhfələr göz qabağındadır.

Qeyd etmək lazımdır ki, həssas əhali qruplarına qayğıkeş münasibət, qazi və şəhid ailələrinin problemlərinin həlli hər zaman diqqətdə olmuş, onlar dövlətin diqqətindən başqa, Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı ilə əhatə olunmuşlar.

Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Şağan və Saray qəsəbələrində əlil uşaqlar üçün internat evlərinin, Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin yüksək səviyyədə yenidən qurulması, internat məktəblərində yaşayan uşaqların sonrakı həyatının təhlükəsiz və sağlam təminatı üçün yaşayış binalarının tikilib istifadəyə verilməsi, ölkəmizdə irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin sağlamlığının qorunması və müalicəsi üçün Bakı şəhərində Talassemiya Mərkəzinin yaradılması və sair çoxşaxəli fəaliyyət də ölkəmizdə məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilmişdir.

Mehriban xanım Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi də böyük işlər görmüş, Azərbaycanda idmanın inkişafına böyük dəstək vermişdir. Gimnastika üzrə dünya kuboku yarışlarının, müxtəlif çempionat və turnirlərin, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi məhz Mehriban xanım Əliyevanın adı və yüksək təşkilatçılıq qabiliyyəti ilə bağlıdır. Bu beynəlxalq yarışlar ölkəmizin istər mədəniyyət, istərsə də idman nüfuzunu bütün dünyada yüksəltmiş, Azərbaycanı idman ölkəsi kimi tanıtmış və ölkəmizə böyük turist axınına səbəb olmuşdur.

Pandemiya səbəbindən ölkəmizdə yaşanan böhran zamanı Mehriban xanım Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilmişdir.

Mehriban xanımın UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri kimi də fəaliyyəti təqdirəlayiqdir. Dünya əhalisinin sağlamlıq və təhsil ehtiyaclarının qarşılanması təşəbbüslərinə dəstək göstərilməsi, dünyanın maddi, qeyri-maddi irsinin bərpası və onun gələcək nəsillərə çatdırılması missiyası, dinlər və mədəniyyətlərarası dialoq mühitinin yaradılması təşəbbüsləri, ölkələrarası dostluq və səmərəli əməkdaşlıq mühitinin formalaşdırılması üçün görülmüş nəhəng işlər bu qəbildəndir.

Mehriban xanım Əliyevanın UNESCO-nun Xoşməramlı səfiri və ölkəmizin Birinci vitse-prezidenti kimi 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması da tarixi hadisədir.

Mehriban xanımın digər bir vacib missiyası isə xarci ölkələrlə dostluq münasibətlərinin qurulmasıdır. Bununla bağlı Birinci vitse-prezidentin dünyanın bir sıra ölkələrinin birinci xanımları və yüksək dövlət vəzifəsi tutan xanımlarla görüşləri və əməkdaşlığı mühüm əhəmiyyətə malikdir.

Biz Mehriban xanıma çoxşaxəli fəaliyyətində və həyata keçirdiyi humanizm missiyasında bundan sonra da yeni-yeni uğurlar arzulayır, Azərbaycanın firavanlığı və işıqlı sabahı naminə gördüyü nəhəng işlərdə ona öz dəstəyimizi bildiririk.

Jalə Əhmədova,

Milli Məclisin deputatı

Xəbəri paylaş