Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan xanımları üçün nümunə olan Bizim Mehriban



Newscenter.az.26.08.2021. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva. Bu rəsmiyyətin arxasında isə xalqa “Sizin Mehriban” deyə söyləyən Mehriban Əliyeva, onun Vətəninə, xalqına, torpağına bağlılığı, sonsuz sevgisi dayanır. Azərbaycan qadınlarının sevimlisi və özləri üçün nümunə hesab etdikləri, böyük hörmət və ehtiram bəslədikləri Bizim Mehriban dayanır.

Şəfqət, mərhəmət, nəciblik kimi ən ali insani keyfiyyətləri özündə cəmləşdirən Mehriban xanım Azərbaycan qadınının gözəlliyini, daxili dünyasının zənginliyini, mübarizliyini, dünya görüşünü, elmini və mədəniyyətini təcəssüm edir.​ Mehriban xanımın gerçəkləşdirdiyi saysız-hesabsız layihələr, humanistlik, xeyriyyəçilik fəaliyyəti milyonların qəlbində ümid çırağı yandırıb, onların böyük sevgisini qazanıb. Qayğıya ehtiyacı olan insanları, xəstəlikdən əziyyət çəkən uşaqları diqqət və qayğı ilə əhatə edib, onların xilası üçün mümkün olan bütün addımları atıb. Onun valideyn himayəsindən məhrum olmuş uşaqlara qarşı həssaslığı və onlara göstərdiyi ana nəvazişini, o məsum körpələrin gözlərində yaranan ümidi, sevinci kövrəlmədən izləmək qeyri mümkündür...

Məhz Mehriban xanımın fəaliyyətindən ruhlanan insanlar xeyirxah işlər görür, uşaq evlərini, internat məktəblərini ziyarət edir, oranın sakinlərinə tək olmadıqlarını öz əməlləri ilə sübut edirlər. Bu isə Mehriban xanımın öz fəaliyyəti ilə insanlara mərhəmət, xeyirxahlıq, yardım etmək kimi hiss və bacarıqları aşılaması deməkdir.​ ​

Ölkəmizdə elə bir sahə yoxdur ki, Mehriban xanımın diqqətindən kənarda qalsın. ​ Onun təhsil,​ idman, mədəniyyət, səhiyyə ​ və s. digər sahələrə​ verdiyi​ mühüm töhfələri, ölkəmizin ictimai-siyasi, mədəni həyatındakı xidmətlərini saymaqla bitməz. Birinci xanımın fəaliyyəti, gördüyü işlər hər bir Azərbaycan vətəndaşına yaxşı məlumdur və bunu, xalq, biz vətəndaşlar çox gözəl bilir, yüksək dəyərləndirir, nəcib əməllərin sahibi və Azərbaycan xanımları üçün nümunə olan Bizim Mehribanı çox sevirik.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Bizim Mehriban xanımın doğum günüdür. Bu münasibətlə Mehriban xanımı səmimi qəlbdən təbrik edir, ona ailə səadəti, sağlam və uzun ömür, ictimai-siyasi, şəxsi​ fəaliyyətində,​ ölkəmizin tərəqqisi və xalqın rifahı naminə gördüyü işlərdə yeni-yeni nailiyyətlər arzulayıram.

Qoy, Mehriban xanımın əməyi, zəhməti və xidmətlərinin bəhrəsi onun ömür yoluna və həyatına daim nur saçsın.

Jalə Əhmədova
Milli Məclisin deputatı
Xəbəri paylaş