Newscenter.az.26.08.2021. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsi başa çatıb.
Newscenter.az xəbər verir ki, müsabiqənin vakansiya mərhələsində müvafiq yerlər üzrə seçim etmiş 192 nəfər müsahibəyə dəvət olunub. Müsahibədə 130 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 34 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı olmaq istəyən şəxs, ümumilikdə 164 nəfər iştirak edib.
Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslərin müsahibə nəticələri onların http://musabiqe.baku.edu.az/ portalındakı şəxsi kabinetlərinə göndəriləcək.
Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifələr üzrə təyinat alacaq.
Qeyd edək ki, Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
R.Mehdiyeva