Newscenter.az.28.08.2021. Azərbaycanda qayğıya ehtiyacı olan həssas qrupun problemlərinin həlli hər zaman prioritetdir. Bu günə qədər şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülüb. Bu kateqoriyadan olan 10 minə yaxın insanın dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə, 7 mindən çox şəxsin isə avtomobillə təmin edilməsi bunu bir daha təsdiqləyir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili bildirib ki, iki gün əvvəl Abşeron rayonunda istifadəyə verilən yeni yaşayış kompleksində isə mindən çox insan yaşayacaq:
"Prezident Sərəncamı ilə İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin edildi və Vətən Müharibəsi Qəhrəmanı adını alan bütün şəxslər mənzillərlə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də bu mənzillərə sahib olacaqlar. Dövlət başçımızın da söylədiyi kimi, bu sahədə Azərbaycan dünya miqyasında nümunəvi ölkə sayıla bilər. Təsadüfi deyil ki, hər il bu məsələlər üçün dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılır. Eyni zamanda qazilərimizin sağlamlıqlarının bərpası istiqamətində addımlar atılır, onlar son nəsil ptotezlərlə təmin olunur. Dövlət bu sahədə bütün imkanlardan istifadə edir. Hətta qlobal maliyyə böhranının, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, həssas kateqoriyanın rifahının yaxşılaşması istiqamətində reallaşan layihələr təxirə salınmır. Müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilməkdədir. Ən vacib məqam isə budur ki, Azərbaycan bütün bu layihələri öz vəsaiti hesabına reallaşdırır".
Deputat qeyd edib ki, bu gün eyni zamanda azad edilmiş torpaqlarda Azərbaycan öz gücü və vəsaiti hesabına bərpa işləri həyata keçirir:
"Ali baş komandanın da söylədiyi kimi, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq. Əsas məsələ budur ki, bu gün Azərbaycan bölgəyə tam sahibdir və biz öz tarixi torpaqlarımızda möhkəmlənirik. Yeni mərhələdə bizim əsas hədəfimiz azad olunmuş ərazilərimizi bərpa etmək, soydaşlarımızın qısa zamanda öz dədə-baba yurduna qayıtmasını və orada təhlükəsiz, rahat yaşamasını təmin etməkdir".
Ruhiyyə