Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın iqtidarına 3 böyük risq



Newscenter,az.28.08.2021. Mövcud hərbi, siyasi, geosiyasi, iqtisadi və ictimai vəziyyət Ermənistanın Azərbaycanla uzunmüddətli kəskin münaqişə aparmasına imkan vermir. Paşinyan başa düşür ki, Ermenistana güc toplamaq üçün zaman və müvəqqəti də olsa sülh lazımdır. Ancaq həm 30 illik müharibə vəziyyəti, həm ənənəvi ermeni elitasının müqaviməti, həm də ermeni cəmiyyətindəki psixoloji vəziyyət Ermənistanın Azərbaycanla münasibətləri sürətlə normallaşdırmasına da imkan vermir.

Paşinyan və komandası bu prosesi zamana yayaraq aparmağa çalışır. Diqqət edin, öncə müxalifətin istefa tələblərini dəfetdi, sonra özü üçün uyğun vaxtda seçki keçirdi, xalqın dəstəyini təmin etdi. Hazırda Paşinyan başda ordu olmaqla dövlət qurumlarında kadrolaşır, müxalifətin etirazlarını Ermenistan küçələrindən yığıb, parlament çərçivəsinə vəkillər arasında davaya çevirərək marjinallaşdırır. Zaman-zaman verdiyi ziddiyyətli mesajlar və sərhəd gərginliklərinin isə daxili və xarici motivləri var. Daxildə bu gərginliklər yüksək təzyiqə malik şampan butulkasının qazını almaq mahiyyətini daşıyır.

Beləcə Paşinyan həm Qarabağ və sosial- iqtisadi problemlər səbəbiylə gərginləşən cəmiyyətin gərginliyini boşaldır, həm də bu gərginliklər həll olunmasa ortaya çıxacaq problemləri göstərərək xalqdan yeni həmlələr üçün dəstək almağa çalışır. Məsələn Qorus-Qafan yolunun bağlı qalması səbəbiylə çörəksiz qalan, işləri lənqiyən ermənilər üçün demarkasiya və delimitasiya probleminin bir an öncə həll olunması aktual tələbə çevrilir. Xaricdə isə bu gərginlik Paşinyana diaspora və digər dövlətlərin bu prosesə diqqətini cəlb etmə və özünə yönələ biləcək daxili narazılıqların hədəfinə Azərbaycanı qoymaq imkanı verir.

Paşinyanın iqtidarına 3 böyük risq var:

Hərbi çevriliş- Paşinyan əsasən bu problemi aşmış görünür. Ordunun ultumatumunu qəbul etmədi, başda Qərargah rəisi olmaqla komandanlıq dəyişdirildi və proses davam edir. Yeni hökumət proqramı ilə ordunu ciddi struktur reformları ilə öz kontroluna almağa çalışır.

Sui-qəsd- Paşinyana bir sui-qəsd hər zaman realdır. Ancaq burda Paşinyan 4 istiqamətdən tədbir alır: a) Şəxsi təhlükəsizlik tədbirlərini gücləndirib. b) Ermənistan Milli Təhlükəsizlik Xidmətini və polisi əsasən özü kontrol edə bilir. c) Qərb kəşfiyyatları da Paşinyanın sui-qəsdə uğramasını istəmir. Ona görə də kritik anda Paşinyana doğrudan dəstək verirlər. d) Hətta mövcud vəziyyətdə Azərbaycan və Türkiyə kəşfiyyatlarının da Paşinyanın sui-qəsdə qurban getməməsi üçün ehtiyac halında dolaylı dəstək vere biləcəklərini istisna etmirəm.

Rusiya amili: Rusiya həm hərbi çevriliş və sui-qəsd , həm Qarabağ, həm də iqtisadi baxımdan Paşinyanın taleyində kritik rol oynaya bilər. Paşinyan burada "dostunu yaxın tut, düşmənini daha da yaxın" prinsipi ilə hərəkət edib Kremlinlə münasibətləri dərinləşdirir. Beləcə həm Kremlinlə əməkdaşlıq etmək istədiyini göstərir, həm də müxalifətin Moskva üzərindən manevra sahəsini daraldır. Təbii ki, Rusiya amili üzərindən Azərbaycan və Türkiyə ilə münasibətlərdə öz əlini gücləndirməyə çalışır.

Azərbaycan olaraq həm ayıq olmalı, həm də prosesi strateji ağılla oxuyub, strateji səbrlə üstünlüklərimizi istifadə etməliyik!

Nazim Cəfərsoy
Siyasi elmlər fəlsəfə doktoru, QAFSAM-ın sədr müavini
Xəbəri paylaş