Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub



Newscenter.az.29.08.2021. Avqustun 29-da Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub.

Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev “Otel və Konfrans Mərkəzi”nin təməlini qoydu.

Qeyd edək ki, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Qədim dövrdə Şuşa Böyük İpək Yolunun əsas qovşaqlarından biri idi. Avropa və Şərq şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırdı. Bu şəhərlərdən davamlı gəlib–gedən tacirlərin gətirdikləri malları saxlamaq üçün karvansaraylar tikilirdi. Karvansaray konseptini əsas götürərək, Şuşa şəhərinin mərkəzində, Zəfər yolunun üzərində yerləşəcək 5 ulduzlu “Otel və Konfrans Mərkəzi” müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn edilib.

Mərkəz 2,8 hektar ərazini əhatə edəcək. Memarlıq adət-ənənələrini özündə əks etdirən xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq ediləcək. Həmçinin fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunacaq. Bundan əlavə, mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının - XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəyovun ev-muzeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan hazırlanıb. Beş mərtəbədən və 150 nömrədən ibarət “Otel və Konfrans Mərkəzi”ndə otaqlar, restoranlar, konfrans korpusları, daxili həyətlər olacaq.
Xəbəri paylaş