Newscenter.az.1.09.2021. “Qubadlı” əlahiddə sərhəd dəstəsinin ərazisində xidmətdə olan əsgərə, silahlı iki erməni hərbçisi tərəfindən qəfil hücum edilməsi və süngü-bıçaqla xəsarət yetirərək qaçmaları, xaincəsinə törədilmiş təxribatdır. Ermənistanda baş verən son hadisələr bir daha göstərir ki, orada Azərbaycanla müharibə aparmaq imkanında nə ordu var, nə də ki, dövlət. Mənə elə gəlir ki, bu təxribatlar bölgədə gərginliyi artırmaq istəyən kənar qüvvələr tərəfindən təşkil olunur.
Məsələ ondadır ki, iki dövlətin sərhəddində, eyni zamanda Qarabağda baş verən hadisələrə daha geniş aspektdən yanaşmaq lazımdır. Xatırladım ki, 30 il ərzində münaqişənin həlli ilə məşğul olmalı ölkələrin hər biri öz korporativ maraqlarına uyğun siyasət aparırdılar. Bu günlərdə ABŞ-ı və Fransa tərəfindən bəyanatlar səsləndirildi ki, münaqişə tam həllini tapmamış və Minsk qrupu öz fəaliyyətini bərpa etməlidir. Ermənilər də yeni təxribatlarla onların dediklərini təsdiqləyirlər. Düşünürəm ki, əsas səbəbi burada axtarmaq lazımdır.
Ağdərədə əsgərimizin girov götürülməsi məsələsinə gəldikdə isə, bu barədə Müdafiə nazirliyinin rəsmi bəyanatı var. Əsgərimiz Gəncə psixiatriya-tibbi müəssisəsini özbaşına tərk edərək, rusiya sülhməramlılarının xidməti ərazisinə keçmişdir. Açığı, burada müəyyən suallar yaranır. Birincisi, həmin yer Ermənistanın yox, Azərbaycanın suveren ərazisidir və həmin əsgər orada hansısa cinayət törətmədiyinə görə dərhal azad olunmalıdır. İkincisi, psixiatriya xəstəsinə qarşı cinayət işinin açılması hüquqi baxımdan doğru deyil.
Hər iki təxribata görə, ermənilərin kəskin şəkildə cavabı verilməlidir. Başa düşməlidirlər ki, Azərbaycan əsgərinə qarşı törədilmiş, hətta cüzi təxribata görə on qat artıq cavabını alacaqlar. Kiməsə arxayın olmasınlar. Onsuz da erməni ordusu psixoloji sarsıntı içindədir. Təxribatların qarşısını ancaq bu yolla almaq olar.
Nə qədər ki, 10 noyabr üçtərəfli bəyannamənin bütün bəndləri icra olunmamış, iki dövlət arasında sülh müqaviləsi imzalanmamışdır, təxribatlar, gözləniləndir.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı