Newscenter.az.4.09.2021. "Rusiyanın Müdafi Nazirliyinin rəsmi saytında Qarabağın " Dağlıq Qarabağ Respublikası" kimi qeyd edilməsi, birinci hal deyil. Ümumiyyətlə, bu ölkənin mətbuatında daima belə bir ifadə işlədilir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, belə çıxır ki, Rusiya Müdafi Nazirliyi Azərbaycanın ərazi bütövlüyünü tanımır:
"Rusiya prezidenti V.Putin Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qeyd edibsə, indiki mıqamda baş verənlər göstərir ki, ölkəmizə qarşı buradan təzyiq edilir. Göründüyü kimi, Rusiya tərəfi Azərbaycanın ərazi bütövlüyünə qarşı mövqe ortaya qoyub. Əgər, Rusiya " Dağlıq Qarabağ Respublikası" deyirsə, onun burada sülhməramlı kimi fəaliyyətinə son verilməlidir. Məhz Rusiya "sülhməramlı" qüvvələri 10 noyabr Birgə Bəyannaməsinə uyğun olaraq, üçtərəfli imzaya uyğun Qarabağdadırlar və həmin sənəddə heç bir status qeyd edilməyib".
Politoloq bildirib ki, Rusiyanın əsas məqsədi Qarabağda ermənilərin yaşadığı ərazidə onların qalıcılığını qorumaq və Azərbaycana təzyiq etməkdir:
"Amma, Rusiyanın bu siyasəti öz geosiyasi mövqelərinin əleyhinə işləyir. Artıq, Qarabağda Rusiya "sülhməramlı" kimi xarakterizə edilməməlidir. Qeyd edim ki, bir neçə gün bundan əvvəl, Azərbaycan ordusunun əsgərinin Ağdərədə qanunsuz silahlı erməni birləşmələri tərəfindən əsir alınması və geri qaytarılmamasında Rusiya "sülhməramlı" qüvvələri məsuliyyət daşıyır. Bu qüvvələrin komandanı Rustəm Muradov hərbiçimizlə şəkil çəkdirmək əvəzinə, dərhal onun Azərbaycana təhvil verilməsinə nail olmalı idi. Bununla aydın olur ki, sülhü təmin edən bu qüvvələr, demək prosesi qızışdıran tərəfdi".
Politoloq əmin olduğunu bildirib ki, Prezident İlham Əliyevin bu problemlərə son qoyacağı gözlənilir:
"Proses ona doğru gedir. Qarabağda baş verənlərə görə Rusiya ilə Azərbaycan arasında probelmlərin dərinləşəcəyi gözlənilir. Hətta Azərbaycan gələn il bu qüvvələrin çıxarılmasını tələb edə bilər".
Mehman