Newscenter.az.7.09.2021. Taliban ABŞ və NATO üzərində faktiki qələbə çalaraq Əfqanıstanda nəzarəti ələ keçirsə də, idarəetmədə problemlərlə üzləşib. Birincisi, ali savadlı əfqan mütəxəssislərin bir hissəsi ölkəni tərk edib, yerdə qalan qismi də qaçmağa çalışır, ikincisi, ölkədə maliyyə qıtlığı yaranıb, xaricdəki bank hesabları dondurulub, insanlara isə dolanmaq üçün pul lazımdır, bank sistemi çöküb.
Talibanın bu vəziyyətdə əsas ümidi xarici investisiyalarıdır. Ancaq indiki vəziyyətdə böyük dövlətlərin mütləq əksəriyyəti Əfqanıstana yatırım qoymayacaq. Qərb dövlətlərinin Talibanla təmasları olsa da, bu hərəkatı rəsmən tanımır, Əfqanıstandakı səfirliklərini Qətərə köçürüblər. Talibanın daxili və xarici siyasəti də hələ bəlli deyil. Yeganə Çindir ki, ilkin şərt irəli sürmədən Talibanla əməkdaşlığı genişləndirməyə və Əfqanıstana yatırım qoymğa hazırdır. Pekin bu məqsədlə bölgənin digər ölkələri ilə də təmasları genişləndirib.
Çin və İran xarici işlər nazirləri bir neçə gün əvvəl telefonla danışıblar. Nazirlər telefon söhbəti zamanı ikitərəfli əlaqələrlə yanaşı Əfqanıstanla bağlı da geniş fikir mübadiləsi aparıblar. Nazirlər qeyd ediblər ki, Çinlə İran Əfqanıstanda barışın əldə edilməsi üçün koordinasiyalarını davam etdirəcəklər.
Pekinin əsas hədəflərindən biri Talibanın terrorçu qruplardan uzaqlaşmasıdır. Çünki, Taliban keçmişdə müxtəlif terrorçu qruplarla, o cümlədən radikal uyğurlarla əməkdaşlıq edib. Taliban Pekinə vəd verib ki, silahlı uyğurlarla mübarizə aparacaq və onların Əfqanıstan ərazisində fəaliyyətinə imkan verməyəcək. Pekin bu vədə inanmaqla yanaşı Talibanın əməldə nə edəcəyini müəyyənləşdirmək istəyir.
Buna baxmayaraq, Pekin Talibanın formalşdırdığı yeni hökumətlə əməkdaşlığa hazırlaşır. İdeologilayalar fərqli olsa da, Çində hakim Kommunist Partiyası ilə Taliban idarəetmə baxımından bir-birinə yaxındır. Hər ikisi idarəetmədə avtoritar metodlara əsaslanır. Çin Kommunist Partiyası üçün fərqli fikirlər yaddır, tətbiq etdiyi qaydalar tənqid edilməməli və iqtisadiyyat planlaşdırmaya tabe olmalıdır. Talibanın idarəetməsində də fərqli heç nə yoxdur. Taliban əfqanların sərt qaydalara tabe olmasını tələb edir, alternativ fikir mümkünsüzdür.
Çinin Talibanla dostluğunun təhlükəli yönləri də var. Birincisi, Taliban ölkəyə nəzarəti böyük ölçüdə əldə etsə də, müqavimətlə üzləşib. Əfqanıstanın Pəncər vadisindəki qüvvələr Talibana təslim olmaq istəmir, dağlarda partizan savaşına hazırlaşırlar. Bu o deməkdir ki, Əfqanıstanda vətəndaş müharibəsi bitməyib, qanlı döyüşlər istsina deyil. İkincisi, Taliban verdiyi vədlərə baxmayaraq, terrorçu qruplarla gizli əlaqələrini davam etdirə bilər. Odur ki, Pekin “inan, ancaq yoxla” siyasətindən çıxış etmək məcburiyyətindədir.
Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri