Newscenter.az.8.09.2021. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin pandemiya dövründə peşəyönümü məsləhət xidmətlərinin hədəf qruplarına daha əlçatan olması üçün başlatdığı “Alo Karyera” dəstək xidmətinə 472 nəfər müraciət edib. Həmin şəxslərə müxtəlif mövzular üzrə 817 konsultasiya keçirilib.
Newscenter.az xəbər verir ki, təşkil olunan konsultasiyalar öz potensialını üzə çıxarma, əmək bazarının araşdırılması, karyera məqsədlərinin təyin olunması, iş axtarışı alətləri, CV və istək məktubunun hazırlanması, iş müsahibəsinə hazırlıq, peşə və ixtisas seçimləri mövzularını əhatə edib.
Müraciət edənlər arasında bakalavrlar, magistrlar, tam orta təhsilli şəxslər və doktorantlar, üstünlük təşkil edib. Dəstək xidməti göstərilən şəxslərdən bəziləri işə qəbul edilib, bəziləri isə istədikləri sahələr üzrə təcrübə keçmək şansı qazanıblar.
Qeyd edək ki, “Alo Karyera” dəstək xidmətinin məqsədi işsiz və işaxtaran şəxslərə operativ şəkildə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsidir.
Xidmətdən yararlanmaq üçün vətəndaşlar https://www.dma.gov.az/layiheler/alo-karyera linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Hər bir müraciət peşəyönümü məsləhətçiləri tərəfindən yoxlanıldıqdan sonra vətəndaşlarla əlaqə saxlanılır, görüş üçün vaxt təyin edilir və onlayn formada dəstək göstərilir.
Sevinc