Newscenter.az.8.09.2021. Bir neçə gündür əsasən sosial mediada geniş müzakirə olunan bu fotoda mərkəzdə yer almış şəxs Pakistanın İSİ kəşfiyyatının şefi, general-leytenant Faiz Hamiddir. Foto Kabildəki hoteldə çəkilib və səfərinin əsas məqsədinin ikitərəfli Pakistan-Əfqanıstan münasibətlərilə bağlı olduğunu deyən general Hamid onu da əlavə edib ki, hər şey yaxşı olacaq.
Müşahidəçilər isə onun səfərilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Bəziləri əfqan prosesində Pakistanın hələlik görünməməsinin səbəbi kimi hətta Taliban hakimiyyətə gəldikdən sonra ikitərəfli münasibətlərdə müəyyən soyuqluq yarandığını əsas gətirirlər.
Hələlik bunların hamısı versiyalardır, amma bir məqam dəqiqdir ki, bu gün azı 7 "ağır və orta çəkili" tərəfin diqqəti Əfqanıstana yönəlib və hər birinin də bu məkanda öz iqtisadi, geosiyasi maraqları var.
Əfqanıstanla və bu gün onun rəhbərliyində olan Talibanla əməkdaşlığa can atanların sayının belə çox olması ilk baxışdan taliblərin mövqeyinin güclənməsi kimi görünsə də, amma bunun mənfi çıxarları da istisna deyil. Belə ki, bəzi ekspertlər hərəkatın daxilində artıq ciddi fikir ayrılıqlarının yarandığını bildirirlər.
Nə qədər təəccüblü görünsə də Pakistan-Əfqanıstan münasibətlərində çatların yaranması haqda irəli sürülən fikirlər də əsassız deyil. Müasir geosiyasətin Çin-Avropa daşımaları və xüsusilə Çinin "Bir kəmər-bir yol" strategiyası ətrafında cərəyan etdiyini nəzərə alsaq dünənədək müttəfiq olan Kabillə İslamabadın arasında ziddiyyətlərin yaranması tamamilə realdır.
ABŞ və onun müttəfiqlərinin silahlı qüvvələrinin Əfqanıstanda olduğu dövrdə öz strategiyasında Pakistan-İran-Türkiyə-Avropa xəttinə üstünlük verən Pekin bu gün Pakistanı Əfqanıstanla əvəzləyə bilər. Düzdür, belə bir əvəzləmə də fəsadsız ötüşməyə bilər, amma Çinin öz siyasətində adətən alternativlərə üstünlük verməsini nəzərə aldıqda bunu istisna etmək olmaz.
Tarixən Əfqanıstanın Çinlə əlaqələrini təmin edən təxminən 70 km-lik sərhəd zolağının "İpək Yolu"nun bir hissəsi olması da bu versiyanın əsassız olmadığını göstərir. Görünür, elə bu səbəbdən də hələ Əfqanıstanın ABŞ işğalı zamanı həmin sərhəddi açmaqdan qəti imtina edən Pekin bununla o dövrdə müxalifətdə olmuş Talibana zəruri dəstək də göstərib.
Bəzi mənbələrin iddialarına görə həmin zolaq həm SSRİ-yə, həm də ABŞ və onun müttəfiqlərinə qarşı mübarizə aparan Talibanın və digər mcahidlərin əsas gizli təhcizat kanallarından biri rolunu oynayıb. Deməli, Pekinlə Talibanı bağlayan əlaqələr də xeyli tarixə malikdir. Bu isə heç bir halda Çinin digər müttəfiqi olan Pakistanı qane e.ə bilməz.
Amma Çin Əfqanıstandakı aktivliyilə təkcə Pakistana deyil, Qərbə də müəyyən qayğılar yarada bilər. Belə ki, dünya litium bazarında onsuz da əsas ixracatçı olan Pekin bu mühüm metalın Əfqanıstandakı ehtiyatlarını da nəzərətinə götürə bilər ki, Qərbin özündən asılılığını yaxın gələcək üçün tam təmin etmiş olsun.
Amma Çin-Əfqanıstan münasibətləri də göründüyü kimi hamar olmaya bilər. Buna da səbəb yuxarıda göstərilən sərhəd zolağının təkcə mürəkkəb dağlıq relyefə malik olması deyil, həm də Pakistan və Tacikistan arasında sıxılması ola bilər. Bu da azmış kimi, həmin dəhlizin Çin ərazisində uyğurların yaşadığı Sincan əyalətinə çıxması mənzərəni bir qədər də mürəkkəbləşdirir.
Nəhayət, Talibanın son günlər həmin əraziyə yaxın və əsasən taciklərin yaşadığı Pəncşir dərəsində keçirdiyi hərbi əməliyyatlar
"Şimal Alyansının" dirçəldilməsini və yaxın gələcəkdə Əfqanıstan gündəminə qayıda biləcəyini təmin edə bilər. Bir şərtlə ki, bu, təkcə qonşu Özbəkistan və Tacikistanın deyil, həm də Rusiyanın marağında olsun.
Əsasən Türkiyə-Qətər cütlüyü vasitəsilə Əfqanıstanda "qalmağa" çalışan Qərbin də hansı addımlar atacağı maraqlıdır. Hələlik əfqan gündəmində üzdə çox az görünən İran üçün isə kommunikasiyaların Əfqanıstandan və ya Pakistandan keçməsi bir o qədər də əhəmiyyətli deyil. Tehran hər bir halda "Bir kəmər-bir yol" projesində var və olacaq.
Bir hava limanını idarə etmək qabiliyyətində olmayan Talibanın belə dolaşıq geosiyasi vəziyyətdən necə çıxacağı və ya ümumiyyətlə çıxa biləcəyi isə ən böyük sualdır. Sual olmayan isə odur ki, əfqanların yaxın azı 20-30 ildə seçimi bataqlıqla barıt çəlləyi arasında olacaq. Amma təkcə əfqanların yox, həm də onların başıbəlalı məmləkətində öz maraqlarını axtaranların da.
Görünür, hər şeyin yaxşı olacağını iddia edən İSİ şefi general Hamid də əslində başqa cür düşünür. Talibanın yaradılmasında və ayağa qalxmasında əsas rol oynamış qurumun rəhbəri göründüyü və ya özünü göstərmək istədiyi qədər optimist olmamlıdır.
Ərəstun Oruclu-Şərq-Qərb Araşdırma Mərkəzinin rəhbəri