Newscenter.az.10.09.2021. Çinin nəqliyyat naziri Li Tsiaopenin başçılıq etdiyi nümayəndə heyəti ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında onlayn formatda görüş keçirilib.
Newscenter.az bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, L.Tsiaopen azərbaycanlı həmkarını 14-16 oktyabr tarixlərində Pekində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) II Qlobal Dayanıqlı Nəqliyyat Konfransında iştiraka dəvət edib. Azərbaycanlı nazir, öz növbəsində çinli həmkarına dəvətə görə təşəkkür edərək konfransda iştirak etməyə hazır olduğunu bildirib.
Görüş zamanı iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın cari vəziyyəti, o cümlədən Çin yüklərinin Azərbaycan ərazisi ilə tranzit daşımalarında Çin tərəfinin dəstəyinin göstərilməsi müzakirə edilib. L. Tsiaopen ölkələrimiz arasında nəqliyyat və logistika sahəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyini qeyd edərək ümummilli lider Heydər Əliyevin və Çin sədri Tszyan Tszeminin Azərbaycan-Çin siyasi dialoqunun yüksək səviyyədə qurulmasında xüsusi xidmətlərini vurğulayıb. Nazirlərin görüşündə Çinin böyük daşıma şirkətlərinin Azərbaycan üzərindən keçən tranzit marşrutuna dəstək verəcəkləri barədə razılıq əldə olunub.
Həmçinin Çinin yükdaşımaları zamanı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından istifadə məsələsində dəstəyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycanın, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəklədiyi diqqətə çatdırılıb.
Bununla yanaşı, iki ölkə arasında normativ-hüquqi bazanın təkmilləşdirilməsi barədə razılıq əldə olunub. L.Tsiaopen ölkəsinin Azərbaycanda həyata keçirilən infrastrukturun inkişafı, nəqliyyat və logistika layihələrinə dəstək verməyə hazır olduğunu qeyd edib.
Əməkdaşlığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə hər iki tərəfdən nazir müavinlərinin rəhbərliyi ilə nəqliyyat üzrə İşçi qrupunun yaradılması barədə razılığa gəlinib.
Sevinc