Newscenter.az.13.09.2021. Azərbaycan polisinin Gorus-Qafan yolu ilə hərəkət edən İrana məxsus yük maşınlarını yoxlaması tam məntiqli və Azərbaycan dövlətinin öz milli maraqlarını qorumaq üçün atdığı təxirəsalınmaz qətiyyətli addımlardır. Çünki İran Qarabağa qanunsuz yük daşımalarını dayandırmır, maşın karvanlarının hərəkəti bir ara səngisə də son günlər yenidən intensiz xarakter almağa başlayıb. İrandan Xankəndinə - ermənilərə aramsız müəmmalı yüklər daşınmaqda davam edir.
Azərbaycanın razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələrinin Azərbaycan ərazisinə daxil olması qəti yolverilməzdir, qanunsuzluqdur və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır. Azərbaycan bu hallarla bağlı ötən ay İrana nota vermişdi, görünən odur ki, Rəsmi Tehran Azərbaycan XİN-in nota bəyanatına məsuliyyətsiz yanaşır.
Xatırlayırsınızsa, Prezident İlham Əliyev bir müddət əvvəl “CNN Türk” telekanalına müsahibəsində bildirmişdi ki, İranla yeni rəhbərlik hakimiyyətə gəlib və onların bölgə ilə bağlı siyasəti formalaşmaqdadır. “Hələ ki, təyinatlar olmayıb. Əlbəttə ki, həm Azərbaycanla, həm də qonşu ölkələrlə bağlı ilkin bəyanatlar müsbətdir. Ancaq əlbəttə, vaxt lazımdır ki, yeni rəhbərlik bu məsələ və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı öz siyasətini ortaya qoysun. Biz bunu gözləyirik”.
Ancaq təəssüf ki, İranda yeni hökumətin formalaşmasından sonra da vəziyyətin köklü şəkildə müsbətə dəyişməsini müşahidə etmirik, onların bölgə ilə bağlı siyasəti əvvəlki hökumətin siyasətindən heç nə ilə fərqlənmir. Rəsmi Tehran Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı öz siyasətində əvvəlki hökumətin səhvlərini aradan qaldırmaq əvəzinə, təkrarlayır, hətta yeni səhvlər edir.
Bizim ölkəmiz yaxın qonşuluğa və dostluğa sadiq qalaraq İrana xoşniyyətli və mehriban davranır, ancaq qarşı tərəfdən bu dürüst davranışı, səmimiyyəti görmürük. Azərbaycan həmişə İrana yaxşılıq edib, regionda siyasi-hərbi gərginliklər yaranan və İrana qarşı Qərb koalisiyasının basqıları artan zamanı bölgənin dayanıqlı təhlükəsizliyinin qorunması yönündə qətiyyətini nümayiş etdirib. Qərb bir neçə il əvvəl İrana qarşı siyasi təzyiqləri və iqtisadi sanksiyalar tətbiq edəndə də Azərbaycan cənub qonşumuza qarşı belə halların aradan qaldırılması üçün səylər göstərib, İranın regional təcridinə qarşı çıxıb, əməkdaşlıqda rolunun xüsusi əhəmiyyətinin təmin edilməsi istiqamətində addımlar atıbdır.
Ancaq bütün bunların əvəzində nə müşahidə edirik? İslam mədəniyyətini, tarixini, irsini, müqəddəs dini ocaqlarını darmadağın etmiş, dinimizə və heysiyyatımıza toxunan faşist Ermənistana dəstək verən dost İranın xoş olmayan siyasətini.
Və, onu da heç kim unutmasın ki, Azərbaycan baş verənlərə səssiz qalmayacaqdır. Qarabağda yolunu azmış ermənilərə hansısa formada dəstək verənlər, Xankəndindəki separatçı rejimlə əlaqədə olanlar və bölgəyə müxtəlif şübhəli malların keçməsinə göz yuman sülhməramlılar, Azərbaycan dövlətinin izni olmadan Xankəndinə yanacaq və s. məhsullar daşıyan İran artıq anlamalıdır ki, Azərbaycanın milli maraqlarına, mənafeyinə, suverenliyinə qarşı yönələn bütün yanlış hərəkətlərin qarşısı alınacaqdır. Belə zərərli addımlarla onlar ermənilərə daha da pislik etmiş olurlar, bu cür təhrikedici hərəkətlər bölgədə formalaşmış kövrək sülhün pozulmasına yol aça bilərlər. Azərbaycan Respublikasının qanunlarına və ərazi bütövlüyünün əleyhinə yönələn bütün hərəkətlərin adekvat cavabı olacaqdır. Özü də çox ağır və amansız olacaqdır.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor