Newscenter.az.13.09.2021. Azərbaycana rəhbərlik etdiyi 18 il ərzində ölkəmizin nüfuzunu zirvələrdən zirvələrə qaldıran Prezident İlham Əliyev, möhtəşəm Qələbə ilə başa çatdırdığımız 44 günlük Vətən müharibəsində Heydər Əliyev siyasi məktəbini keçdiyini və Ulu öndərin dövlət idarəçiliyi praktikasına yiyələnmiş peşəkar siyasətçi olduğunu bir daha sübut etdi.
Məhz Müzəffər Ali Baş Komandanın vaxtında qəbul etdiyi qərarlar və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Qarabağımız işğaldan qurtularaq azad nəfəs aldı, illərdir torpaq həsrəti ilə yaşayan insanlara qucaq açdı. Tikinti, quruculuq və bərpa işlərinə start verildi.
Bu il yanvarın 14-də təməli cənab Prezident İlham Əliyev tərəfindən qoyulan yeni və ən müasir standartlara cavab verən Füzuli beynəlxalq hava limanına ilk sərnişin və yük təyyarələrimiz eniş etdi ki, bu da bütün Azərbaycan üçün, xalqımız üçün və nəhayət məcburi köçkünlük həyatı yaşamış vətəndaşlarımız üçün xüsusi əhəmiyyətə malik tarixi hadisədir.
Artıq Füzuli Hava Limanına işə qəbulla bağlı elan da verilib ki, bu da gənclərimiz üçün çox önəmlidir. Dövlətimizin başçısının göstərişləri və tapşırıqları ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi bu gün uğurla davam etdirilir. Strateji əhəmiyyətli yollar salınır, yeni yaşayış massivlərinin təməli qoyulur, Şuşa öz tarixi görkəminə qayıdır.
Məhz cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında Bülbülün ev muzeyi, “Qarabağ” oteli, Molla Pənah Vaqifin məqbərəsi bərpa olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mədəniyyətimizin beşiyi hesab edilən Şuşada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışı, Vaqif poeziya günləri keçirilib.
Onu da qeyd edim ki, Molla Pənah Vaqifin məqbərəsinin açılışı 1982-ci ildə Şuşada Ulu Öndər Heydər Əliyevin iştirakı ilə, 2021-ci ildə isə dövlət başçımız cənab İlham Əliyevin iştirakı ilə baş tutub.
Bu mühüm əhəmiyyətə malik tarixi hadisədir və bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın tarixi görkəmini və mədəni irsini bərpa etməsi azərbaycanlı olaraq hər birimiz üçün qürurvericidir.
Jalə Əhmədova,
Milli Məclisin deputatı