Newscenter.az.14.09.2021. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların mütəxəssislərinin peşəkarlıq və səriştəlilik səviyyəsinin artırılması əsas prioritet sahələrdəndir. Hazırda bu istiqamətdə istər nəzəri tədqiqatların, istərsə də praktik fəaliyyətin gücləndirilməsi məqsədilə xarici ölkə laboratoriyaları, beynəlxalq təşkilatlarla əməkdaşlıq mütəmadi olaraq davam etdirilir.
Newscenter.az AQTA-ya istinadən xəbər verir ki mütəxəssislərin peşəkarlığının beynəlxalq standartların tələbinə uyğunlaşdırılması məqsədilə türkiyəli mütəxəssislərlə qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində Türkiyənin “Letgen Biotechnology” şirkətinin rəhbəri Fahrettin Özcan növbəti dəfə AQTİ laboratoriyalarının əməkdaşlarına təlim keçib. Türkiyəli mütəxəssis dünyada mövcud olan beynəlxalq standartların tələbinə uyğun olaraq qida təhlükəsizliyi sahəsində laboratoriya sistemində yeniliklərin öyrənilməsi və tətbiq edilməsinin zəruriliyindən bəhs edib. Bildirib ki, bitki sağlamlığı sahəsində laborator müayinə metodları arasında real zamanlı PZR üsulu yüksək dəqiqliyi və operativliyi təmin etmək baxımından olduqca effektivdir. Xüsusən də pomidor bitkisinin qonur qırışıqlıq virusunun real zamanlı PZR ilə təyininin daha mütərəqqi üsul olduğunu diqqətə çatdırıb.
Daha sonra təlim iştirakçılarına real zamanlı PZR metodunun üstünlükləri, tətbiqi, eləcə də analizlərin “Letgen Biotechnology” şirkətinə məxsus kit dəstləri ilə təyini üzrə geniş təqdimat keçirilib. İnteraktiv müzakirələrlə davam edən təlimdə F. Özcan AQTİ laboratoriyalarının mütəxəssislərinin suallarını cavablandırıb, bitkiçilik və bitki mühafizəsi üzrə təcrübəsini bölüşüb.
Sevinc