Newscenter.az.17.09.2021. Trans-Avrasiya Daşımaları üzrə Beynəlxalq Əlaqələndirmə Şurasının (TDƏŞ) 30-cu yubiley Plenar iclası Moskvada videokonfrans formatında təşkil edilib. Newscenter.az xəbər verir ki, iclasda Avropa, Asiya və MDB ölkələrinin dəmir yolları qurumlarının rəhbərləri, dövlət təşkilatlarının nümayəndələri, BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyanın icraçı katibi, müxtəlif ölkələrin qabaqcıl ekspeditorları, liman şirkətləri, telekommunikasiya və marketinq şirkətlərinin nümayəndələri təmsil olunublar.
Tədbirdə TDƏŞ-in sədri, “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru – İdarə Heyətinin sədri Oleq Belozyorov “Trans-Avrasiya daşımalarının inkişaf perspektivləri, çağırışlar və meyillər” mövzusunda məruzə ilə çıxış edib.
Açıq dialoq formatında davam edən tədbirdə Trans-Avrasiya multimodal daşımaların hazırkı vəziyyəti və gələcək planları, eləcə də TDƏŞ-in nəqliyyat əlaqələrinin inkişafındakı rolu barədə dövlət qurumları, dəmir yolu rəhbərləri, nəqliyyat-ekspeditor təşkilatları və assosiasiyaları arasında fikir mübadiləsi aparılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov təşkilatın 30-cu yubiley iclası münasibəti ilə iclas iştirakçılarına təbrikini çatdırıb və iclasın uğurlu keçəcəyindən əminliyini ifadə edib. O, “Azərbaycan Dəmir Yolları” QSC-nin 2 il öncə 2019-cu ilin sentyabr ayında TDƏŞ-ə daimi üzv qəbul edildiyini xatırladaraq, bunun ölkəmiz üçün yük daşımaları sahəsində yeni imkanlar açdığını, fəaliyyət dairəmizin daha geniş beynəlxalq marşrutları əhatə etməsinə şərait yaratdığını diqqətə çatdırıb. Cəmiyyət sədri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində ərazilərimizi işğaldan azad etməsinin region ölkələri ilə dəmir yolu sahəsində əlaqələrin inkişafına, müxtəlif qlobal əhəmiyyətli ölkələrin bir-biriləri ilə daha qısa və sərfəli dəmir yolu, digər kommunikasiya bağlantılarına şərait yaratdığını xüsusi vurğulayıb. TDƏŞ çərçivəsində ADY tərəfindən müəyyən işlərin görüldüyünü qeyd edən sədr, o cümlədən infrastruktur sahəsində aparılan işlər, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizinin bir hissəsi olan Sumqayıt-Yalama dəmir yolu xəttinin rekonstruksiyası və Astara terminalının tikintisi barədə məlumat verib.
O, həmçinin Rusiyanın Uzaq Şərq limanlarından istifadə edilərək Asiya –Sakit okean regionu ölkələrindən Azərbaycandan tranzit keçməklə, Türkiyə və Avropaya yük daşımalarında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin potensialından istifadə olunması perspektivlərini xüsusi qeyd edib.
İclasda TDƏŞ-ə üzv aparıcı ekspeditor və operator şirkətlərinin rəhbərləri tərəfindən Trans-Avropa daşımalarında uğurlu intermodal nəqliyyat xidmətləri təqdim edilib, rəqabətqabiliyyətli nəqliyyat-loqistika məhsullarının yaradılması təcrübəsi bölüşülərək beynəlxalq yük daşımalarında dəmir yolu və dəniz limanlarının infrastrukturunun səmərəliliyinin artırılması ilə əlaqədar təkliflər səsləndirilib. Multimodal xidmətlərin davamlı fəaliyyətinin zəruri elementləri kimi dəniz limanlarının dəmir yolları ilə effektiv qarşılıqlı əlaqəsinin qurulması və yük daşımaları üzrə digər loqistika iştirakçıları ilə sinxronizasiya yollarına da nəzər salınıb.
Tədbir iştirakçıları dəniz limanlarının rəqabət mövqelərinin saxlanılmasında yüklərin diversifikasiyası, xərclərin optimallaşdırılması və konteynerlərdən istifadə təcrübəsini bölüşüblər.
Sonda Trans-Avrasiya Daşımaları üzrə Beynəlxalq Əlaqələndirmə Şurasının təşkilati məsələlər, o cümlədən yeni üzvlərin qəbulu, İşçi qrupların iş planlarının təsdiqi və digər məsələlər müzakirə edilib.
Sevinc