Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

30 il əvvəl Amerika səfiri Naxçıvana nə üçün getmişdi?

30 il əvvəl Amerika səfiri Naxçıvana nə üçün getmişdi?


1992-ci ilin oktyabrında ABŞ Konqresi SSRİ-nin dağılmasından sonra müstəqİllik əldə etmiş dövlətlərə yardım üçün “Azadlığa Dəstək Aktı” (“Freedom Support Act”) adlı sənəd qəbul etmişdi. Lakin...

Həmin dövrdə postsovet məkanında vəziyyət olduqca mürəkkəb və ziddiyyətli, həmçinin qeyri-müəyyən idi. Xüsusilə də, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, təcavüzkar - işğalçı siyasəti regional təhdidlərin artmasına, situasiyanın xaotik xarakter almasına səbəb olmuşdu. Belə bir şəraitdə ermənilərin saxta təbliğatı, bəzi güc mərkəzlərinin bu propaqandaya dəstək verməsi - şərait yaratması nəticəsində Azərbaycan həm də informasiya blokadası ilə üzləşmiş, bütün cəbhələrdə ağır məğlubiyyətə düçar olmuşdu. Həmin vaxt ölkəmizdə hakimiyyətdə olan "qüvvələr"in də bu işdə “xidmət”ləri az deyildi. Onların aciz mövqeyi, uğursuz siyasəti cəbhədə - hərbi arenada olduğu kimi, informasiya-təbliğat və siyasi-ideoloji müstəvidə də Azərbaycanın məğlub tərəfə çevrilməsinə səbəb olmuşdu. Belə bir şəraitdə “Azadlığa dəstək aktı” adlı sənədə 907-ci düzəliş edilməklə Azərbaycana ABŞ tərəfindən yardım göstərilməsi də qadağan olunmuşdu. Səbəb kimi Qarabağ müharibəsində guya Azərbaycanın günahkar olması - ölkəmizin “Ermənistanı nəqliyyat blokadasına alması” göstərilmişdi. Reallıq isə bəlli idi: Ermənistan Azərbaycana qarşı təcavüzkar hərəkətlərə yol verir - işğalçı siyasət yürüdürdü. Üstəlik, erməni tərəfi Bakıdan Naxçıvana (oradan da Ermənistana) gedən qatarların qarşısını kəsmiş, dəmiryolunda hərəkət dayanmışdı. Nəticədə Naxçıvan blokada vəziyyətinə düşmüşdü.

Bu reallıqların fonunda o vaxtkı Azərbaycan hakimiyyəti nəinki haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdıra bilmirdi, hətta proseslər, eləcə də 907-ci düzəliş barədə xalqa məlumat vermirdi. Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyəti ilk dəfə “Azadlığa dəstək aktı” adlı sənədə 907-ci düzəlişdən ABŞ səfiri Riçard Maylsın 4 fevral 1993-cü il tarixində Naxçıvan Muxtar Respublikasına səfəri və muxtar respublikanın Ali Məclisinin Sədri Heydər Əliyevlə görüşündən sonra xəbər tutmuşdu.

O zaman Heydər Əliyev ABŞ Prezidenti Bill Klintona yazdığı məktubda blokada vəziyyətində olan Naxçıvana humanitar yardım göstərilməsini xahiş etmişdi. Səfir R.Mayls isə Naxçıvana gedərək Heydər Əliyevlə yardımın hansı marşrutla və necə çatdırılması barədə müzakirə aparmışdı. Çünki qeyd etdiyimiz kimi, 907-ci düzəliş yardımla əlaqədar ciddi məhdudiyyət yaradırdı. Buna baxmayaraq, ABŞ hökuməti muxtar respublikaya 1993-cü ilin martında 1 milyon dollar dəyərində ilk humanitar yardım göndərmişdi. Göstərilən yardımdan əlavə, Birləşmiş Ştatların bir sıra hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri Naxçıvana gələrək vəziyyətlə yerində tanış olmuşdular. Eyni zamanda, Heydər Əliyevin aktiv diplomatik təmasları nəticəsində digər dövlətlərin hökumətləri də öz nümayəndələrini vəziyyətlə tanış olmaq üçün Naxçıvana göndərmişdilər. Muxtar respublikaya yardım göstərən ilk beynəlxalq təsisatlar isə BMT-nin müvafiq qurumları idi.

Heç şübhəsiz, Heydər Əliyevin bu təmasları və təşəbbüsləri təkcə blokada vəziyyətində olan Naxçıvana humanitar yardımın göstərilməsi baxımından əhəmiyyətli deyildi. Bu, eyni zamanda, dünyanın - regionda və qlobal miqyasda mühüm təsir imkanlarına malik olan dövlətlərin, beynəlxalq təşkilatların diqqətinin Qarabağ probleminə, Azərbaycana qarşı təcavüzkar siyasətə, onun nəticələrinə yönləndirilməsi, reallıqların geniş auditoriyaya çatdırılması üçün böyük önəm daşıyırdı. Heydər Əliyev xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi görüşlərdə, apardığı danışıqlarda daim bu məsələləri əsas müzakirə mövzusu kimi nəzərə çatdırırdı. Azərbaycan hakimiyyətinin ölkəni təcrid vəziyyətinə saldığı bir şəraitdə Heydər Əliyev böyük tarixi missiya yerinə yetirir, ölkəmiz ətrafındakı informasiya blokadasını yarmağa çalışırdı.

Ulu Öndər 1993-cü ildə hakimiyyətə gəldikdən sonra sistemli fəaliyyətini davam etdirərək Azərbaycanın informasiya blokadasından çıxması, dünyada etibarlı tərəfdaşa çevrilməsi, Qarabağ məsələsinin həlli ilə əlaqədar obyektiv beynəlxalq rəyin formalaşması istiqamətində çox mühüm addımlar atdı. Öz növbəsində, onun siyasi varisi olan cənab İlham Əliyevin strateji kursu Azərbaycanın dialoq və əməkdaşlıq məkanına, Ermənistanın isə təcrid vəziyyətinə düşərək autsayderə - dalan ölkəyə çevrilməsini şərtləndirdi. Azərbaycan öz milli gücü - hərbi-siyasi resursları ilə torpaqlarını işğaldan azad etdi, tarixi ədaləti bərpa etməyə müvəffəq oldu.

Ölkəmiz hərb meydanında möhtəşəm qələbə qazandı, siyasi-diplomatik arenada və informasiya müharibəsində böyük üstünlük əldə etdi. Artıq tarixi Zəfər prosesə çevrilib və Azərbaycan bütün strateji hədəflərini addım-addım gerçəkləşdirir.

Nurlan Qələndərli-Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri
Xəbəri paylaş