Erməni separatçılarının Rusiyadan Xankəndinə “ixrac edilən yeni lideri” Ruben Vardanyan profilində yazıb ki, dünyada yaşayan ermənilərin vəzifəsi “Arsax” mövzusunu beynəlxalq aləmin gündəmində saxlamağa çalışmaqdır. Adam narahatdır. Ruben Vardanyan müxtəlif dünya nəşrlərinə, televiziya kanallarına çoxsaylı müsahibələr verdikdən sonra onun simasına və bölgəyə marağın azaldığını hiss etməyə başlayıb. Həqiqətən Ermənistan hakimiyyəti, erməni separatçıları və erməni lobbisi birgə səylərlə bir müddət beynəlxalq aləmin diqqətini Laçın dəhlizindəki duruma, “blokada mövzusuna” çəkə bildilər. İndinin özündə də bır sıra Qərb ölkəsində “Laçın dəhlizini açın” səsləri eşidilir. Ancaq günlər və həftələr keçdikcə bu mövzuya maraq azalır. Bunun iki səbəbi var.
Birincisi, beynəxalq aləmin diqqətini məşğul edən başqa mövzular var. Rusiya-Ukrayna müharibəsi, Tayvan ətrafındakı vəziyyət, İran-İsrail qarşıdurması və bu kimi gərginliklər fonunda Laçın mövzusu getdikcə arxa plana keçir. Erməniləri dəstəkləyən mərkəzlər belə Laçın mövzusunu çeynəməkdən yorulurlar. Həmin mərkəzlərin “yolu açın” çağırışları eşidilmədiyinə görə eyni mövzuya hər dəfə qayıtmaq istəmirlər.
İkincisi, ilk günlər “Arsax blokadadır” yalanına inanlar real vəziyyəti görməyə başlayıblar. Real vəziyyət isə bundan ibarətdir ki, yol açıqdır, nəqliyyat vasitələri işləyir, ərzaq və dərman çatdırılır, ermənilər xəstələrini Ermənistana apara bilirlər. Bunlar varsa “blokada” nağıllarına inanaların sayı azalır.
Bu iki amilə görə Qarabağdakı erməni separatçılarının mövqeləri zəifləyir. Ona görə də Ruben Vardanyan ermənilərdən tələb edir ki, “Laçın blokadadır” yalanı təbliğatını davam etdirsinlər. Bizə sakitləşmək olmaz. Ermənilərə Azərbaycan əleyhinə kampaniyanı yenidən genişləndirməyə imkan vermək olmaz.
Elxan Şahinoğlu-politoloq