Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kahramanmaraşda azərbaycanlı tələbə itkin düşüb

Kahramanmaraşda azərbaycanlı tələbə itkin düşüb


Ötən gün Türkiyədə baş verən güclü zəlzələ nəticəsində Kahramanmaraşda təhsil alan azərbaycanlı tələbə itkin düşüb.

Newscenter.az xəbər verir ki, bu barədə “Report”un Ankara bürosuna açıqlamasında Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli məlumat verib.

O, Kahramanmaraşda oxuyan bir tələbə haqqında heç bir məlumat ala bilmədiklərini söyləyib: "Çünki onun yaşadığı bina tamamilə dağıntıya məruz qalıb”.

H.Əmirli həmçinin bildirib ki, Kahramanmaraşta olan Azərbaycan vətəndaşlarının Vətənə təxliyəsi bu gün təmin olunacaq: "Təxliyə Azərbaycanın Türkiyədəki Səfirliyinin dəstəyi ilə Kahramanmaraş avtovağzalından yerli vaxtla saat 15:00-da icra olunacaq".

Türkiyənin Azərbaycandakı Səfirliyindən “Report”a verilən məlumata görə, zəlzələ nəticəsində ölənlər və ağır xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması haqqında məlumat yoxdur: “Kahramanmaraşdakı zəlzələ bölgəsindən Türkiyədəki azərbaycanlı tələbələr və digər Azərbaycan vətəndaşlarının təxliyəsi üçün hazırlıqlar aparılır”.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04.17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda isə yerli vaxtla saat 13.24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa, yerli vaxtla 04.26-da Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04.36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.

Zəlzələ nəticəsində ölənlərin sayı 3 419 nəfərə çatıb, 20 534 nəfər yaralanıb.
Xəbəri paylaş