Fevralın 7-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının təşəbbüsü ilə keçirilən Beynəlxalq İnsan Qardaşlığı Gününə həsr olunmuş virtual görüşdə iştirak edib
Newscenter.az xəbər verir ki, tədbirdə söz alan QMİ sədri A. Paşazadə BMT-nin “Dünyada sülh və birgə yaşamaq naminə Qardaşlıq Sənədi”nin prinsip və dəyərlərinin davamlı təşviqinə, dünyada dinlərarası dialoq və əməkdaşlıq işinə dəyərli töhfələr verən BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi cənab Migel Anxel Moratinosa Azərbaycanın dövlət başçısının salamlarını yetirdi. Xüsusi vurğuladı ki, Zati-müqəddəsləri Papa Fransisk və Əl-Əzharın Baş imam ət-Tayyib həzrətləri arasında Abu-Dabidə imzalanmış «Qardaşlıq Sənədi» sənədi kimi dünyada insan həmrəyliyinə xidmət edən bütün ideya və təşəbbüslər, o cümlədən, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi, habelə ölkəmizin təşəbbüsü ilə başlayan BMT səviyyəsində «Mədəniyyət naminə Sülh» qlobal kampaniyası dünyada sülh və birgə yaşamaq amallarına xidmət edir.
Şeyxülislam A. Paşazadə din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gələn təhlükələrin və nifrət çağırışlarının, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərinin, milyonlarla insan üçün xüsusi həssasiyyət kəsb edən dini hisslərin, rəmz və müqəddəsliklərin təhqiri hallarının qarşısının alınması zəruriliyinə diqqəti yönəltdi. Bildirdi ki, bu yaxınlarda bəzi Avropa ölkələrində - İsveç və Niderlandda radikal şəxslər tərəfindən Quranın yandırılması, Qüdsdə və Peşəvərdə törədilən terror hücumları olduqca təhlükəli təzahürlərdir. Tehrandakı səfirliyimizə insan itkisi ilə nəticələnən terror hücumunu diqqətə çatdıraraq, bunu beynəlxalq hüquqa zidd təxribat aktı, Azərbaycan dövlətinə, xalqımıza birbaşa təhdid kimi qiymətləndirdi və bütün cəmiyyətləri, siyasi, ictimai və dini liderləri buna sərt münasibət sərgiləməyə dəvət etdi.
30 il boyu erməni işğalçılarının ərazilərimizi yandırması, məscid, kilsə, sinaqoqlarımızı məhv etməsi, heç şübhəsiz ki, insan qardaşlığı prinsiplərinə təməldən zidd olduğunu bildirən A. Paşazadə, buna baxmayaraq, Azərbaycanın bölgədə sülh və iqtisadi tərəqqi çağırışları ilə çıxış etdiyini diqqətə çatdırdı. Təəssüflə vurğuladı ki, Ermənistan revanşizmə meyl göstərir və bu istiqamətdə ən böyük təbliğatçı rolunda erməni kilsəsi çıxış edir. Halbuki kilsə Uca Yaradanın buyurduğu sülh və dinc birgəyaşayış dəyərlərini təşviq etməlidir.
Laçın yolundakı aksiyaya toxunan QMİ sədri qeyd etdi ki, yol humanitar yüklər üçün açıqdır. Şeyxülislam A. Paşazadə xüsusi qeyd etdi ki, təbii sərvətlərimizin qeyri-qanuni istismar olunmasına etiraz əlaməti olaraq ekofəalların Azərbaycanın suveren ərazisi olan Laçın dəhlizində keçirdiyi dinc aksiyanın guya humanitar fəlakətə səbəb olduğu barədə feyk xəbərlər yaymaq əvəzinə erməni dövləti və cəmiyyəti real sülh quruculuğu, dinc qonşuluq münasibətləri yaratmaq yönündə səylər göstərərək, bölgədə və dünyada insan qardaşlığı məramına xidmət göstərə bilərdi.
Sonda Şeyxülislam A. Paşazadə BMT Sivilizasiyalar Alyansının təşəbbüsü ilə keçirilən Beynəlxalq İnsan Qardaşlığı Gününə həsr olunmuş virtual görüşün dünya miqyasında qarşılıqlı etimad mühitinin yaradılması, insan qardaşlığının bərqərarı işinə öz mühüm töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Mehman