Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağçını səfirlik məqamında ziyarət edib.
Newscenter.az xəbər verir ki, Şeyxülislam həzrətləri Qafqaz müsəlmanları adından qardaş Türkiyə xalqına baş vermiş təbii fəlakət - çoxsaylı insan tələfatı ilə nəticələnən sarsıdıcı zəlzələ ilə əlaqədar kədərləndiyini bildirib, həlak olanların ailələrinə, yaxınlarına, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verərək yaralananlara və xəsarət alanlara Allahdan acil şəfalar diləyib.
QMİ sədri əmin olduğunu qeyd etmişdir ki, qardaş Türkiyə xalqı Allahın köməyi və bütün türkdilli xalqların duaları ilə bu ağır imtahandan alnı açıq, daha möhkəm və mətin çıxacaqdır. Bu niyyətlə Azərbaycanın came və məscidlərində fəlakət qurbanlarının əziz ruhlarına Quran oxunacaq, qiyabi meyit namazları qılınacaq, qardaş türk xalqına Uca Allahdan səbr və dəyanət razi-niyaz ediləcək və dindarlarımıza türk qardaşlarına maddi-mənəvi yardım etmək tövsiyə olunacaqdır. Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bu günlərdə TC Diyanət Başkanlığı vasitəsi ilə zərərçəkmişlərə maddi yardım göndərib.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Şeyxülislam həzrətlərinə təziyələrinə görə təşəkkürünü bildirmiş, dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin daim var olacağına, ağır günlərdə sınaqdan keçmiş qardaşlığımızın daha da möhkəmlənəciyinə əminliyini qeyd edib.
Mehman