Braziliyanın simvolu sayılan Məsih heykəlini ildırım vurdu. Bir neçə müddət əvvəl də Məkkədəki saat qülləsini ildırım vurmuşdu.
Pandemiya, müharibələrin və münaqişələrin pik həddi, atom savaşı təhlükəsi, zəlzələlər, zülmün pik həddə çatması kimi hadisələr Qurana, digər müqəddəs kitablara və elmi ehtimallara görə dünyanın sonunu, yəni Qiyaməti gətirə bilər.
Hər bir canlının, kainatda mövcud olan cismin ömür müddəti var. Şübhəsiz ki, dünyanın da bir sonu var. Ancaq dünyanın sonu fiziklərin və astronomların hesabladığı kimi Yer kürəsinin fiziki ömrünü, yaşını bitirməsi ilə gəlməyəcək. Yaşamın və dünyanın var olma mahiyyətinin məcradan çıxdığı zaman son olacaq.
Qiyamətin əlamətləri kimi qeyd edilən hadisələrin böyük əksəriyyəti artıq baş verib. Məkkədə, Ərəbistan çöllərində yağışların çoxalması, hər yerin yaşıllaşması, dünyada pozğunçuluğun, homoseksuallığın, zinanın qanuna salınması dünyanın var olma səbəbini məhdudlaşdırır.
Ad, Hud, Səmud, Nuh qövmünü Allah məhz bu kimi əməllərə görə məhv etdiyini müqəddəs kitablarda qeyd edir. Yer üzündə baş verən hər bir hadisə kainatla, dünyanın hərəkəti ilə əlaqəlidir. Hətta planetlərin hərəkəti belə insanların taleləri, xarakterləri ilə bağlıdır.
Peyğəmbərdən nəql edilən mötəbər hədislərdə buyurulur ki, zinanın, sələmin çoxalması, məzlumların səsinin eşidilməməsi dünyada zəlzələlərin artmasına səbəb olar. Hündür binaların tikilməsi Qiyaməti yaxınlaşdırar.
İnsanların yer üzündə fisq - fücuru artırması, Allahdan uzaqlaşması, Allahın işinə müdaxilə etməsi Qiyaməti labüd edir.
Atom silahının sınaqlarının keçirilməsi, kosmosa müdaxilə, uzaqmənzilli raketlər, hidrogen bombalar insanın tanrlıq eşqinə düşməsidir.
İsa Məsihin heykəlini və Məkkədəki saat qülləsini ildırım vurması təbii hadisə olsa da birbaşa Allahın bəşəriyyətə mesajıdır. Çünki heç bir təbii hadisə Yaradanın izni olmadan özbaşına baş vermir.
Bütpərəstlikdən, mənəmlikdən, küfrdən, zülmdən əl çəkin, demək istəyir kainatın Xaliqi və İdarə Edəni!
Tural İrfan