Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkün növbəti sınağı

Türkün növbəti sınağı


Fevralın 6- da qardaş ölkə Türkiyədə baş verən zəlzələ ilə regionun gündəmi dəyişdi. İndi nəinki qonşu ölkələrdə, demək olar, dünyanın hər tərəfində insanlar baş vermiş faciə barədə danışır, onun təsirlərini müzakirə edirlər.

Azərbaycanda isə durum daha fərqlidir. Xəbəri eşidəndən bəri bir çoxumuzun gözünə yuxu getmir. Ürəyimiz Hatayda, Qaziantepdə, Kahramanmaraşda və zəlzələdən ziyan çəkmiş digər şəhərlərdədir. İnformasiyaları narahatlıqla oxuyur, ölənlərin, yaralananların, xilas edilənlərin sayını həyacanla izləyirik. Oradakı azərbaycanlıların taleyi ilə bağlı nə qədər çox nigaranıqsa, şübhəsiz, bir o qədər də türkiyəli qardaşlarımızı düşünür, onlar üçün dua edirik.

Zəlzələnin ilk günündən etibarən Türkiyəyə yardım kampaniyası dayanmır. Vətəndaşlarımız yardımların toplanması üçün ayırılmış ünvanlara üz tutur, əllərində -ətəklərində nə varsa, qardaş ölkəyə göndərirlər. Bunu biz yox, türkiyəlilər özləri də deyirlər.

Əlbəttə, bu, vəfa borcudur. Cəmi iki il əvvəl İkinci Qarabağ müharibəsi dövründə Türkiyə bizim yanımızda idi. Düz 44 gün çiyin-çiyinə olduq. Türkiyəli qardaşlarımızn dualarını hiss etdik.

Həmin vaxt sosial şəbəkələrdəki türkiyəli istifadəçilər Azərbaycana dəstəklərini ifadə edir, Qarabağla bağlı paylaşımlar edirdilər. Əslində ehtiyacımız olan da elə bu idi, mənəvi dəstək. Sağ olsunlar, qardaşlarımız iki il əvvəl dəstəklərini əsirgəmədilər.

Ümumiyyətlə, Azərbaycan və Türkiyə həmişə bir-birilərinin yanında olublar. Biz bunu tarixin müxtəlif dövrlərində görmüşük. Belə ki, 2011-ci ildə Türkiyənin Van şəhərində 644 nəfərin ölümü, 1966 nəfərin yaralanması ilə nəticələnən dəhşətli zəlzələ olmuşdu. Həmin vaxt Azərbaycan Türkiyəyə kömək əli uzadan ilk dövlət idi.

Türkiyənin o vaxtkı prezidenti Abdulla Gül sonralar bu barədə deyəcəkdi: “Bütün ölkələr bizə kömək təklif etdi. Azərbaycan isə təyyarələri göydə olarkən soruşdu ki, hara enək?”.

Bu sitat özü də iki qardaş ölkənin əlaqələrinin, bir-birinə olan münasibətinin parlaq təzahürüdür.

Prezident İlham Əliyev bu günlərdə Türkiyə səfirliyində oldu. O, Türkiyə səfiri Cahit Baxçıya başsağlığı verdi. Dövlət başçısı, həmçinin matəm kitabına ürək sözlərini yazıb. Azərbaycan lideri bu dəhşətli zəlzələnin bütün Azərbaycan xalqını sarsıtdığını bildirib.

Azərbaycan və Türkiyə həmişə bir bilək, bir ürək olublar.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilk gündən etibarən Türkiyədədirlər. Xilasedicilərimiz indiyədək 300-ə yaxı insanı dağıntılar altından çıxarıblar. Onlardan 45-i sağdır. Digərlərinin isə təəssüf ki, cəsədi çıxarılıb.

Doğrudur, baş vermiş fəlakət hər birimizi narahat edir. Canımız yanır. Buna baxmayaraq, həm də hər növbəti insanın dağıntıların altından sağ çıxdığını öyrənəndə sevinir, Allaha şükür edirik.

Körpələr, yaşlı insanlar iki, üç gündən sonra dağıntılar altından çıxarılır. Onların saatlarla dağıntıların altında necə sağ qaldıqları barədə düşünməyə dəyməz. Zəlzələ kimi bu da Allahın işidir.

Yəqin, çoxumuzun xəbəri oldu: dağıntılar altından çıxan bir məktəbli çaşqınlıqla ətrafa baxır və “səhər dərsim var” deyir. Bir başqası isə yenə eyni təəccüb və təşvişlə “Səhər açıldı?”- deyə soruşur.

Əlbəttə, zərərçəkmişlərin, o cümlədən körpələrin və yaşlıların dağıntıların altından çıxarılmasını əks etdirən kadrları soyuqqanlı şəkildə izləmək asan deyil.

Türkiyənin təxminən səkkizdəbir hissəsini əhatə edən zəlzələ türk dünyasının növbəti sınağıdır. Biz belə sınaqları əvvəllər də görmüşük. Və hər dəfə bir-birimizdən daha möhkəm yapışmış, daha güclü olmuşuq.

1999-cu ildə Türkiyədə dəhşətli zəlzələ baş vermişdi. Azərbaycan və türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə həmin vaxt qardaş ölkədəki fəlakəltə bağlı yazdığı şeirdə qeyd etmişdi:
“İşitince ata yurtda depremi,

Aktı yaşım, döndü başım Türkiye”.

Bu, indi də yaşandı. Göz yaşlarımız sel oldu. Kimimiz ümidi telefonda tapıb Türkiyədəki yaxınları ilə əlaqə saxladı, kimi də sosial media hesablarında, internetdə bir şad xəbər axtardı.

Türkiyədə, o cümlədən zəlzələ baş vermiş ərazilərdə yüzlərlə azərbaycanlı var. Əlbəttə, onların taleyindən narahataq. Amma türkiyəli qardaşlarımızdan nigaranlığımız heç də az deyil. Çünki biz qardaşıq. Tarix, coğrafiya, qədər qardaşı...
Əlbəttə, Türkiyə bu sınağın da öhdəsindən gələcək. Hər şey yenidən əvvəlkitək olacaq. Amma tarix iki dövlətin qardaşlığını unutmayacaq.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş