Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sameh Şükri ilə görüşüb, Ermənistanın davamlı təxribatlar törətdiyi və sülh prosesinə xələl gətirdiyini qeyd edib.
Bu barədə Newscenter.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər cari ilin yanvar ayında Misir Ərəb Respublikasının Prezidentinin Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, bu kimi yüksək səviyyəli qarşılıqlı səfər mübadilələrinin münasibətlərin inkişafı üçün əhəmiyyətli olduğunu qeyd ediblər.
Görüşdə Azərbaycanla Misirin tarixi dostluq əlaqələrinin inkişafına və əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinə önəm verildiyi diqqətə çatdırılıb.
Ölkələrimiz arasında BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq müstəvilərdə mövcud əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı dəstəyin vacibliyindən bəhs olunub. Bu xüsusda, mart ayında Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün əhəmiyyəti nazir Ceyhun Bayramov tərəfindən bildirilib.
Görüşdə Ceyhun Bayramov həmkarını bölgədə post-münaqişə dövründə ölkəmizin sülh, təhlükəsizlik və əməkdaşlığın qurulması istiqaməyində təşəbbüsləri barədə məlumatlandırıb.
Tərəflər, həmçinin ticari-iqtisadi, mədəni, humanitar və digər sahələr üzrə əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir müzakirəsi aparıblar.
Mehman