Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədəki fəlakət üzərindən çirkin kampaniya quran İran

Türkiyədəki fəlakət üzərindən çirkin kampaniya quran İran


İranın rəsmi “İran” qəzeti Azərbaycan əleyhinə hədyanlar yağdırır. Türkiyədəki dəhşətli zəlzələnin fəlakətli nəticələrinin aradan qaldırılması üçün Azərbaycanın dövlət olaraq, xalq olaraq səfərbər olması molla “dua”ları ilə yazılan qəzetin səhifələrində qısqanclıqla qarşılanır.

Başadüşüləndir, İran dövlətinin başında duran zatların həyasızlıqda fitri istedadı sərhəd tanımır. Molla rejiminin öz zəhərini Azərbaycan Respublikasının damarına yeritmək üçün əlindən gələni etdiyi göz önündədir və bunu göstərən əlamətlərin hər biri yeni-yeni detallardır.

“İran” qəzetinin “Twitter” hesabında Türkiyədəki zəlzələni fürsət bilərək Azərbaycana qarşı hücum edilməsi həyasızlıqda yeni mərhələ kimi başa düşülə bilər.

Rəsmi orqan Azərbaycandan Türkiyəyə aparılan yardımları gözdən salmaq üçün murdar bir üsula əl atır.
Birincisi, Azərbaycan Respublikasının adını çəkmir və bunu “Bakı Respublikası” adı ilə əvəz edir. “Bakı Respublikasından Türkiyəyə göndərilən yardımlar” - təqdimat belədir.

İranın Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qənim kəsilmək cəhdinin tarixi yeni deyil. Azərbaycanın güclənən rolu, regional və qlobal məkandakı statusu ali rəhbərdən tutmuş SEPAH generallarına qədər hamısının sinirini qıcıqlandırır.

İran qıcolmadan əziyyət çəkir, həqiqətən də, ona yaxşı bir beynəlxalq müalicə lazımdır. Qlobal həmrəyliklə İrana dəqiq diaqnoz qoyulub, onun profilaktikası üçün lazımi addımlar atılmalıdır.

Bəziləri də atılır, amma İranın qısqanclıqdan düşdüyü şizofrenik davranışlarını – gah sülhdən, gah da təhdidlərlə müharibədən danışması – ram etmək çətinləşir.

Regional konfiqurasiya və beynəlxalq nizam üçün ciddi xəstəlik mənbəyi olan İran daxildəki problemlərdən də əziyyət çəkir. Bir sözlə, İranın həm xarici səthi, həm də daxili orqanları ağır bir bəlaya düçar olub.

Adını İslam Respublikası qoyan ölkənin insan faciəsi üzərindən çirkin kampaniya qurması da xəstəliyin psixoloji hüdudlarının göstəricisidir.

“Bakı Respublikası” sözü hüquqi olmaqla yanaşı, həm də mənəvi cinayətdir, hərçənd ki, Tehran üçün cinayətlər etmək adi bir haldır.

İkincisi, “İran” qəzetinin sosial şəbəkədəki hesabı bildirir ki, Azərbaycandan Türkiyəyə gedən ikinci əl mallar Türkiyə üçün çətinliklər yaradır. Hərçənd ki, videoda göstərilən yardımların heç Azərbaycandan gəlib-gəlmədiyi də bəlli deyil. Bununla belə, kimlər nə yardım göndəribsə, bu, təqdir edilməlidir, amma İran belə şeyləri anlaya bilməz.
İran özündə olmayan ədalət hissini qabartmış kimi görünür, amma onun dedikləri sabun köpüyündən başqa bir şey deyil.

İranın özü də zəlzələdən əziyyət çəkir, xüsusilə azərbaycanlıların kompakt yaşadıqları regionlarda fəlakətli mənzərə hökm sürür. İran onlara yardım etmir, yardım etmək istəyən başqa dövlətlərə də imkan yaratmır.
Öz ayıblarına kor olub, heç olmasa, səssiz durmaqdansa, şər, böhtan tolazlamağı seçmək İranın nə qədər aqressiv olduğunu, mənəvi prinsiplərə tüpürdüyünü göstərir.

Aqşin Kərimov-siyasi şərhçi
Xəbəri paylaş