Fevralın 6-da Türkiyədə baş verən təbii fəlakət bütün bəşəri dövlətləri sarsıtdı. XXI əsrin ən böyük faciələrindən olan bu zəlzələdə 35 mindən çox insan həlak oldu. Zəlzələnin nəticələri Azərbaycanda hamının qəhərinə çevrildi. Hamı özünü ruhən zəlzələ zonasında hiss etdi. Bu, təkcə bir qardaş dövlətdə baş vermiş fəlakətə görə yaşanılan ağrı-acı deyildi, bu, milli-xəlqi ruhun heysiyyətiydi. Azərbaycanda bu təbii fəlakət hamının yaşamındadı. Hamı həm maddi dəstək göstərir, həm də mənəvi dəstək...
Azərbaycan dövləti olaraq, azərbaycanlılar qardaş olaraq Türkiyəyə yardımını əsirgəmir. Bu, ilk olaraq həmrəylikdir. Hamı, hamı deyir ki, kaş bu həmrəylik xoş bir hadisə ilə bağlı olaydı. Xalqın ruhu bölünməz ruhdur. Bölünməz ruh Azərbaycan və Türkiyənin vətəndaşlarını bir amal ətrafında birləşdirir – zəlzələnin fəsadlarını tezliklə aradan qaldırmaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.
Türkiyəyə Azərbaycandan yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avto¬mo¬billər, həmçinin modul səhra hospitalları da yola salınıb. Yardım bu və ya digər fəlakətə, faciəyə görə ürəyin, qəlbin hökmü ilə yerinə yetirilən maddi dəstəkdir. Azərbaycandan Türkiyəyə böyük miqyasda bütün sahələri əhatə edən yardımlar göndərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə yardımlar mərkəzləşdirilmiş formatda göndərilir.
Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yar¬dım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. Bunlar zəlzələ zamanı zərər çəkənlərə olduqca vacib olan əşyalardır.
İkinci Qarabağ müharibəsində şəhid olanlara görə hansı ağrıları yaşadıqsa, Türkiyədə baş verən zəlzələdə həlak olanlara görə də eyni ağrı-acıları yaşamaqdayıq. Bu ağrı-acılar qardaş ağrı-acısıdır. Xalq evləri çökənlərə, pal-paltarsız qalanlara can yandırmağı, qışın sazağında onlara qardaş yardımı göstərməyi özünə mənəvi borc bilir.
Azərbaycandan Türkiyəyə xilasedicilərin göndərilməsi yaralılara kömək üçün tibb personalı, tibbi ləvazimatlar, zəruri dava-dərman göndərilməsi Azərbaycan dövləti üçün “Bir millət, iki dövlət” kəlamının nə qədər yaşarı, dünyəvi kəlam olduğunun təsdiqidir.
SOCAR zəlzələnin fəsadlarının aradan qaldırılmasına böyük kömək göstərir. Bu köməyin mahiyyəti , coğrafiyası, tutumu təsdiqləyir ki, SOCAR zəlzələnin fəsadlarının aradan qaldırılacağı müddətdə sanki Türkiyənin şirkətidir.
Azərbaycan Türkiyəyə fevralın 6-dan bu günədək Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti 1000 nəfərdən çox olan üzvünü göndərib.
Heydər Əliyev Fondunun prezidenti Meh¬ri¬ban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu qardaş ölkəyə xüsusi təyyarəylə humanitar yardım göndərdi.
Cənab Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Or¬du¬sunun hərbi tibb personalı 8 fevral tarixdən etibarən Kahramanmaraşda fəaliyyətə başlayıb. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunub.
Bütün Azərbaycan xalqı könüllü olaraq qardaş türk xalqına dəstək olmaq əlində nə var onu gətirir. Kimin imkanı nəyə çatırsa onu da əsirgəmir.
İctimai təşkilatlar,özəl şirkətlər, Azərbaycanın ən böyük şirkəti SOCAR da əlində olan bütün imkanlarla yardım etməyə çalışır və bundan sonra da çalışacaqlar.
Bundan əlavə,bütün dövlət qurumları qardaş türk xalqının yanındadır və onlar hümanitar yardımın təşkilinə fəaldırlar.
Cənab Prezident İlham Əliyevin göstərişinə əsasən zəlzələdə yaralananların müalicəsi üçün ölkəmizdə məxsusi şərait də yaradılıb. Həm Bakıda, həm də Naxçıvanda. Bu, Zəlzələnin vurduğu yaraların sağaldılmasında qardaş köməyi kimi təklif edilib. Bu iki dövlət arasında münasibətlər həmişə səmimi dostluğa, qardaşlığa, mənəvi birliyə əsaslanıb. İndi də belə davam edir...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Türkiyə dövlə¬ti¬nin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas mə¬sə¬lədir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Türkiyə bu acı sınaqdan şərəflə çıxacaq. Bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. Bu kəlamlar faciəyə görə qədərsiz təəssüfdür, faciənin fəsadlarının tezliklə aradan qaldırılacağına böyük inamdır. Qardaş dövlətin qardaş dövlətə inamıdır. Bu inam dünyəvi inamdır...
Səbinə Xasayeva-Milli Məclisin deputatı