"Azərbaycanda zəlzələnin baş verməsi istisna edilməməlidir. Unutmaq olmaz ki, Azərbaycan seysmik fəal ərazidə yerləşir".
Newscenter.az xəbər verir ki, bu fikirləri coğrafiyaşünas Anar Salehoğlu səsləndirib. O bildirib ki, Alp-Himalay qurşağı dünya üzrə ikinci ən fəal seysmik hadisələr baş verən qurşaqdır:
"Təbii ki, heç birimiz zəlzələ və ya başqa təbii fəlakətin baş verməsini istəmirik. Ancaq reallıqlar ilə barışıb ona uyğun hərəkət etməliyik. Özümüzü aldatmaqla əlimizə heç nə keçməyəcək".
Anar Salehoğlu daha sonra bunları deyib:
"Alp-Himalay seysmik qurşağı üzərində yerləşən müxtəlif məntəqələrdə, o, cümlədən qardaş Türkiyədə güclü zəlzələlər baş verəndə demişdim ki, Azərbaycan da bu qurşaq üzərində yerləşir və hər an hazır olmalıyıq. Dünən Xəzər dənizində 3,4 maqnitudalı zəlzələ qeydə alınıb. Bu isə Azərbaycandan uzaq deyil, çox yaxındır. Xəzərdə zəlzələnin baş verməsi qurşaq üzrə müxtəlif məntəqələrdə seysmik fəallığın mövcud olduğunu bir daha sübut edir".
Mehman