Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mingəçevir şəhərinin elektroenergetika mərkəzi kimi yeni dövrü başlayacaq

Mingəçevir şəhərinin elektroenergetika mərkəzi kimi yeni dövrü başlayacaq


“Azərbaycanın artan iqtisadi gücü və imkanları, mövcud resursları bizə yeni-yeni layihələr həyata keçirməyə, həm ölkəmiz, həm də regiona faydalı ola biləcək infrastruktur layihələri reallaşdırmağa imkan verir. Bu mənada fevralın 13-də Prezident İlham Əliyevin iştirakı ilə Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsini yuxarıda sadaladıqlarımıza əyani sübut kimi göstərə bilərik”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili deyib ki, Mingəçevirdə təməli qoyulan yeni istilik-elektrik stansiyası təkcə Azərbaycan üçün deyil, ümumilikdə Cənubi Qafqaz üçün önəmli rol oynayacaq:

“Sözügedən İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Cənab Prezidentin qeyd etdiyi kimi bu həm də ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq”.

Azərbaycanın elektrik enerjisinə olan tələbatının böyük hissəsisnin Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası tərəfindən qarşılandığını diqqətə çatdıran İqbal Məmmədov onu da qeyd edib ki, bu şəhər həm də Qafqazın enerji mərkəzi funksiyasını yerinə yetirir. Millət vəkili Mingəçevir şəhərinin Qafqazın enerji mərkəzinə çevrilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi olaraq vurğulayıb:

“Məhz Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur. Müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi”.

2025-ci ildə istifadəyə veriləcək stansiyanın ölkəmizin daxili resursları hesabına inşa ediləcəyinə diqqət çəkən İqbal Məmmədov onu da bildirib ki, bu bir daha Azərbaycanın artan iqtisadi gücü və potensialından xəbər verir. Millət vəkili hesab edir ki, 1280 meqavat gücündə olacaq yeni stansiyanın istifadəyə verilməsi ilə Mingəçevir şəhərinin elektroenergetika mərkəzi kimi yeni dövrü başlayacaq.

Qeyd edək ki, Azərbaycanın daxili resursları hesabına inşa ediləcək stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq. Ödəniləcək vəsaitin 60 faizi "Azərenerji"nin öz vəsaiti hesabına, qalan 40 faizi kreditlər vasitəsilə təmin ediləcək.

Anar
Xəbəri paylaş