Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT sədri deputatı ideya oğurluğunda ittiham etdi

QHT sədri deputatı ideya oğurluğunda ittiham etdi


“Təəssüf hissi ilə qeyd edirəm ki, bəzi deputatlar qanunvericilik təşəbbüsü ilə çıxış etmək, seçicilərinin problemlərini parlament səviyyəsində dilə gətirmək əvəzinə ideya oğurluğu ilə məşğul olurlar”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı Milli Məclisin deputatı Azər Badamovun parlamentin son iclasında Heydərabad şəhərinin salınması ilə bağlı təklif irəli sürməsinə münasibət bildirərkən səsləndirib. Arzuman Muradlı qeyd edib ki, Heydərabad şəhərinin salınması təşəbbüsü onun rəhbərlik etdiyi təşkilata məxsusdur və bununla bağlı Prezident Administrasiyasına, Milli Məclisə, eləcə də digər müvafiq qurumlara rəsmi olaraq məlumat verilib:

“Heydərabad şəhərinin salınması təşəbbüsü Milli İnkişaf İctimai Birliyi tərəfindən irəli sürülüb. Bu barədə Azər Badamovun təmsil olunduğu Azərbaycan parlamentinin rəhbərliyinə də rəsmi olaraq müraciət ünvanlanaraq məlumat verilib. Heydərabad şəhərinin salınması təşəbbüsü Milli İnkişaf İctimai Birliyinin olduğu halda, deputat Azər Badamovun bu təşəbbüsü öz adından irəli sürməsi ideya oğurluğundan başqa bir şey deyil. Yaxşı olardı ki, Azər Badamov ideya oğurluğu etməkdənsə, parlamentin işində, qanunvericilik təşəbbüslərində yaxından iştirak etsin, seçicilərinin problemləri ilə maraqlansın”.

Arzuman Muradlı daha sonra fikirlərinə belə davam edib:

“Azər Badamov həmin təşəbbüsü irəli sürəndə heç olmasa həmin təşəbbüsün ideya müəllifi kimi Milli İnkişaf İctimai Birliyinin adını çəksəydi onu başa düşmək olardı və lazım gəlsə birlikdə bu gözəl təşəbbüsün həyata keçməsində fəaliyyət göstərərdik. Ancaq təəsüf edirəm ki, Milli Məclisin deputatı bizim ideyanı oğurlayıb cəmiyyətə, parlament rəhbərliyinə öz ideyası kimi təqdim etməyə çalışır”.

Arzuman Muradlı onu da deyib ki, Azər Badamovdan fərqli olaraq rəhbərlik etdiyi təşkilat Heydərabad şəhərinin layihəsini belə hazırlayıb, onun hansı mərhələlərlə, hansı formada, harada salınmasının konkret olaraq proqramını tərtib edib:

“Sonda onu da qeyd edim ki, Heydərabad şəhərinin məhz bu il, “Heydər Əliyev İli” çərçivəsində təməlinin qoyulması ideyası da bizə məxsusdur. Göründüyü kimi, deputat bizim təşəbbüsləri oğurlayıb öz adından təqdim etməklə siyasi xal qazanmaq istəyir”.

Natiq
Xəbəri paylaş