Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Eldar Şermanov arasında görüş keçirilib.
Newscenter.az-a Mərkəzdən daxil olan xəbərə görə, Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda baş tutan görüşdə qonaqları salamlayan rektor Eldar Şermanov ilk öncə Özbəkistan-Azərbaycan mədəni əlaqələrin tarixi, iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq, habelə mədəni əlaqələrimizin möhkəmlənməsi istiqamətində uğurlu fəaliyyətlərinə görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.
Rektor Eldar Şermanov Özbəkistan-Azərbaycan arasında mövcud əlaqələrin dövlətlərarası münasibətlərin genişlənməsi fonunda daha da möhkəmləndiyini, Özbəkistan dövlət rəhbərliyinin Azərbaycanla sıx əlaqələrin qurulmasına xüsusi diqqət yetirdiyini və konkret tapşırıqlar verdiyini vurğulayıb. Bu sahələrdən biri də təhsil və mədəniyyət sahəsidir ki, rəhbərlik etdiyi ali təhsil müəssisənin Azərbaycandakı ali təhsil ocaqları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş Özbəkistanla bütün sahələrdə olduğu kimi mədəni əlaqələrin daha da genişlənidirlməsi və inkişafının prioritet olduğunu qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ildə Özbəkistan Respublikasına ardıcıl üç səfərini xatırladaraq Azərbaycan dövlətinin Özbəkistanla əlaqələrə və əməkdaşlığa mühüm əhəmiyyət verdiyini və eyni zamanda Prezident İlham Əliyevin Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair konkret tapşırıqlar verdiyini diqqətə çatdırıb.
Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin də ölkə başçısının, dövlət qurumlarımızın tapşırıqlarına uyğun olaraq Özbəkistanda bir çox layihələr, tədbirlər, konfranslar, sərgi və müsabiqələr, konsertlər keçirəcəyini vurğulayıb.
Diplomat 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin geniş və silsilə tədbirlər planlaşdırdığını və bu tədbirlərdə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun da yaxından iştirakını arzu etdiyini bildirib.
Daha sonra Samir Abbasov sözügedən universitetlə sıx əməkdaşlığın qurulması üçün konkret təkliflərlə çıxış edib. O, rəhbərlik etdiyi Mədəniyyət Mərkəzi tərəfindən cari ilin aprel ayında keçirilməsi nəzərdə tutulmuş Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlər çərçivəsində Sənət və Mədəniyyət İnstitutu ilə birgə layihələrin reallaşdırılması, İnstitutda xüsusi bir günün Azərbaycan mədəniyyətinə həsr edilməsini təklif edib. Azərbaycan mədəniyyəti günündə Azərbaycan musiqisi, bəstəkarlarının əsərlərindən ibarət dostluq konsertinin təşkili, rəqs sənətimiz, yeni filmlərimizin təqdimatı, milli libaslar, xalçaçılıq və mətbəx mədəniyyətinə dair sərginin təşkili təklifi ilə çıxış edib.
Samir Abbasov azərbaycanlı müəlliflərin əsərlərindən ibarət sözügedən institutun müvafiq fakültəsinin tələbələri tərəfindən teatr tamaşasının hazırlanması, səhnələşdirilməsi, institutun fotoqrafiya ixtisası üzrə tələbələrinin iştirakı və dəstəyi ilə “Azərbaycan Özbəkistan gənclərinin gözü ilə” adlı fotosərginin təşkili təklifini irəli sürüb.
Diplomat “Heydər Əliyev ili” münasibəti ilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın 3 aparıcı Universitetinin əlaçı tələbəsi üçün “Heydər Əliyev təqaüdü”nün təsis etdiyini və Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun bir əlaçı tələbəsinin sözügedən təqaüdə layiq görüləcəyini bildirib.
O, il ərzində İnstitutda “Heydər Əliyev və Özbəkistan” adlı seminarların təşkili, Sənət və Mədəniyyət İnstitutu tələbələrinin qruplar şəklində mütəmadi olaraq Azərbaycan Mədəniyyət Mərkəzini, onun kurs və dərnəklərini, muzeylərini ziyarət etmələri, Azərbaycan və Özbəkistan dövlətləri arasında tələbə, müəllim mübadiləsi proqramlarında yaxından iştirak etmək, institutun tədris proqramına Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı mövzular salınması, Azərbaycan Mədəniyyət Mərkəzinin də iştirakı və köməkliyi ilə tələbələrə bu mövzular üzrə seminarların təşkil edilməsi, Mərkəz tərəfindən keçiriləcək mədəniyyət və incəsənət tədbirlərində, müsabiqə və proqramlarda, layihələrdə institut tələbələrinin aktiv iştirakını təklif edib.
Samir Abbasovun təkliflərini yüksək qiymətləndirən rektor Eldar Şermanov Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığa hər zaman hazır olduqlarını bildirib. Artıq bu əməkdaşlığın müsbət nəticələrinin də olduğunu vurğulayan rektor rəhbərlik etdiyi institutda Azərbaycan mədəniyyəti və incəsənəti Mərkəzinin açıldığını, Azərbaycan mədəniyyətinə aid hər il çox sayda konfransların, görüşlərin, Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramlarının, təqdimat və sərgilərin keçirildiyini bildirib. O, öz rəhbərliyi ilə yaxın günlərdə İnstitutu təmsil edən geniş bir heyətin Azərbaycana səfər edəcəklərini və bu səfər çərçivəsində Azərbaycanın bir çox ali təhsil ocaqları ilə əməkdaşlıq memorandumları imzalayacaqlarını vurğulayaraq, sözügedən səfər və görüşlərin təşkilinə görə Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlığını ifadə edib.
Görüşün sonunda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən özbək dilində tərcümə və nəşr edilmiş dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si və “Kitabi-Dədə Qorqud” dastanının nəfis nəşrləri Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Eldar Şermanova hədiyyə edilib.
Sonda, qonaqlar Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun fakültələri ilə tanış olub, institutun tələbələrindən ibarət “Folklor və xalq çalğı alətləri ansamblının” musiqi çıxışlarını izləyiblər.
Anar