“Münhen təmasları Rusiyanı Qafqazda daha da küncə sıxışdıracaq”.
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.
Onun sözlərinə görə, Rusiya bütün gücü ilə rəsmi İrəvanı təsirində saxlamağa çalışsa da, artıq Paşinyana uduzmağa başlayır:
“Ermənistanın Xarici işlər naziri Mirzoyanın Türkiyə səfərini uğurlu hesab etmək olar. Bütün hallarda Qafqaz ölkəsi olaraq, Ermənistan da bölgədə Rusiyanın deyil, Türkiyənin strateji vacibliyini qəbul etməyə başladığı andan Rusiyanın Qafqazdakı hegemonluğunu sonlandırmaq üçün ilk addım atılacaq. Rusiyanın bölgəni qansız, az zərərlə tərk edə bilməsinin tək qarantı isə Türkiyədir. Paşinyan artıq ermənilərə anlada bilib ki, Rusiya bütöv bir xalqı törətdiyi qətliamlara suç ortağı edərkən, soyqırımı törətməyə təhrik edərkən onlara verdiyi heç bir sözü yerinə yetirmədi”.
Anar Əsədli əlavə edib ki, Qafqaz xalqları arasındakı bütün savaşların, konfliktlərin ana planı hər zaman Rusiyada cızılıb, İran tərəfindən isə dəstəklənib:
“Bu gün tarixi şans yaranıb, həm iqtisadi, həm siyasi cəhətdən tənəzzül yaşayan rəsmi Moskva bir sıra ciddi strateji məsələdə Türkiyə ilə razılaşmaq məcburiyyətindədir. Buna görə də Münhen təmaslarını təqdir edir və bu gün Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazdakı vəziyyətlə bağlı keçiriləcək diskussiyalara hər üç dövlət rəhbərinin qatılımasını Rusiyasız Qafqaz yolunda mühüm addım hesab edirəm. Sülhün, demokratiyanın simvoluna çevirilmək üçün Qafqazın yolu Türkiyənin və Avropanın dostu olmaqdan keçir”.
Mehman