“Hər il fevralın 21-i bütün dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün milyonlarla insan öz ana dilində təhsil almaq, oxumaq hüququndan məhrum edilib. Bunu İranda yaşayan güneyli soydaşlarımzın timsalında aydın şəkildə görmək mümkündür”.
Bu fikirləri Newscenter.az-a “Təhsilə Dəstək və Gənclərin Maarifləndirilməsi” İctimai Birliyinin sədri Ruhiyyə Mehdiyeva səsləndirib. O bildirib ki, bütün dünyada Beynəlxalq Ana Dili Günü qeyd edildiyi halda Güney Azərbaycanda yaşayan 40 milyon azərbaycanlı elə dünyanın gözü qarşısında öz dilində danışmaqdan məhrum edilib.
Azərbaycan dilinin zənginliyi, qədimliyindın danışan İctimai Birlik sədri deyib ki, ana dilimizin hərtərəfli inkişafında ümummilli lider Heydər Əliyevin əməyi, onun dilimizin qorunmasına yönələn düşünülmüş siyasəti xüsusi rol oynayıb:
“2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım oldu. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biri idi”.
Ruhiyyə Mehdiyeva hazırda da bu siyasətin Prezident Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Mehman