"Reallıq hissini itirmiş ermənilər elə zənn edirlər ki, onların 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan torpaqlarında tarixi, dini, mədəni abidələrimizə qarşı törətdikləri vandalizm hərəkətləri, barbar davranışları unudulub gedəcək və cəzasız qalacaq. Ona görə də məhz bu cür sərsəm "məntiq"dən çıxış edərək dünya birliyini aldatmağa, əsl həqiqətləri ört-basdır etməyə çalışırlar. Ermənistanın Baş naziri Nikol Paşinyanın Münhendə çıxışı zamanı Qarabağdakı məscidlərin SSRİ dövründə dağıdılması barədə irəli sürdüyü cəfəng iddia da dünya birliyində yanlış təsəvvürlər formalaşdırmağa xidmət edir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Partiya sədri bildirib ki, ancaq Münhen Təhlükəsizlik konfransında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan liderinin səsləndirdiyi bu həyasız yalanı kifayət qədər tutarlı əks-arqumentlə ifşa etdi:
"Bildirdi ki, dünya indi çox kiçikdir, harada nə olduğunu bir anın içində bilmək olur. Ermənistan dini abidələrimizi, məscidlərimizi, ziyarətgahlarımızı, qəbiristanlıqlarımızı dağıdıb, vəhşilik törədib. Buna görə də, məsuliyyət ilk növbədə məhz Ermənistanın üzərinə düşür. Bu mənada Paşinyanın söylədiklərinin həqiqətən də heç bir əsası yoxdur. Erməni baş nazir utanmadan, heç bir məsuliyyət hiss etmədən sadəcə yalan danışır".
MHP sədri deyib ki, əsl həqiqətdə isə ermənilər 30 il müddətində işğal altında saxladıqları Azərbaycan ərazilərində yalnız sənaye obyektlərini və kənd təsərrüfatını dağıdıb qarət etməklə, təbii sərvətlərimizi talamaqla kifayətlənməyiblər, onlar eyni zamanda işğal altında sahibsiz qalan milli-mədəni dəyərlərimizi, memarlıq sənəti nümunələrini, inanc və ibadət yerlərimizi də tarmar edib dağıdıblar:
"Sovetlər dönəmində bir çox məscidlərimiz ibadət ocağı kimi fəaliyyət göstərməsə də, lakin dövlət tərəfindən qorunub mühafizə edilirdi. Lakin işğal dövründə Qarabağda müsəlman dini kimliyinə aid olan abidələr ya tamamilə dağıdıldı, yadaki təhqir olundu. Bəzi məscidlərimizdə ermənilər tərəfindən mal-qara və digər heyvanların saxlanılması faktları hətta Qərb mediasında da öz əksini tapıb. Milli və dini kimliyimizə qənim kəsilən işğalçı ermənilər 30 il ərzində Qarabağ və Şərqi Zəngəzur ərazilərində 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Laçında 8, Cəbrayılda 5) 63-nü tamamilə dağıdıb, 4-nü isə qismən dağıdaraq yararsız hala salıblar. Mənim doğulduğum Qubadlı rayonunda da 8 məscid dağıdılıb".
Əlisahib Hüseynov hesab edir ki, bu faktları, həqiqətləri heç kim dana bilməz:
"Bəli, tarixi abidələrimizə, dini ibadət yerlərimizə qarşı vandalizm hərəkətlərinə yol verən məhz işğalçı Ermənistan olub. Ermənistan dövləti və hökuməti bunun məsuliyyətindən heç cürə boyun qaçıra bilməz. Paşinyanın ağ yalana əl atması sadəcə ayıbdır. Erməni xalqı yalançı baş nazirinə görə utanmalıdır. Ermənistanın işğalçı və barbar ölkə obrazını bu cür hiylə və yalanlarla dağıtmaq mümkün deyil".
Mehman