“Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsidir. XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi. Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilən bu fakt öz hüquqi qiymətini almalıdır”.
Bunu Newscenter.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib. Məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi əsl siyasi və hüquqi qiymətini aldı. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. O dövrdən başlayaraq dünya azərbaycanlıları soyqırımının bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırıldı, bununla əlaqədar onlara müraciət edildi. Həmin vaxtdan Azərbaycan diasporu Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal iş görməyə başlayıb. Xocalı soyqırımı qurbanlarının xatirəsi bu gün dünyanın yüzlərlə şəhərlərində anılır. Qanlı qırğınla bağlı faktlar növbəti ildönümündə də beynəlxalq təşkilatlar qarşısında bir daha nümayiş etdirilir.
“Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması hər zaman Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasındadır. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Fondun "Xocalıya ədalət!" kampaniyasınin sistemli fəaliyyətinin nəticəsidir ki, dünyanın 17 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul ediblər”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, "Xocalıya ədalət!" kampaniyasınin məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.
Rəşadət Xalıqov həmçinin qeyd edib ki, bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi ziyarət edir. Düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Prezident İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı”.
Natiq