"Rəsmi Bakı haqlı çıxdı. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Aİ missiyasının gəlişi regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcək. Həqiqətən də missiyanın fəaliyyətə başlamasından cəmi 1 gün sonra erməni silahlı birləşmələrinin mövqelərimizi atəşə tutması bunu bir daha təsdiqlədi".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. O bildirib ki, Avropa İttifaqı bunu “mülki missiya” adlandırsa da, 100 nəfərdən cəmi 50-si silahsız müşahidəçidir. Qalanı silahlı şəxslərdən ibarətdir. Halbuki Ermənistan ölkəyə silahlı missiyanı buraxdığını daxili auditoriyadan da gizlədib:
"Missiyanın regiona gəlişindən bir gün sonra erməni silahlı qüvvələri həm Ermənistan ərazisindən, həm də rusiyalı süılhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən mövqelərimizi atəşə tutdu. Təbii ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri görülüb".
Deputat daha sonra fikirlərinə belə davam edib:
"Maraqlıdır ki, avropalılardan ibarət silahlı missiyanın bölgəyə gəlişi cənub qonşumuz tərəfindən də sükutla qarşılanır. Rusiya da regiondan sıxışdırıb çıxartmaq cəhdlərinə qarşı təsirli tədbirlər görmür. Ümumiyyətlə, Ermənistanın davranışlarından aydın görünür ki, avropalı müşahidəçilərin regionda olması İrəvanı cəsarətləndirir. Təbii ki, bu aqressiya Ermənistana baha başa gələcək. Yəni burada itirən yenə Ermənistan olacaq. Təxribat və təhdid davam etdikcə cavab da sərt olacaq".
Ruhiyyə