Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev, BMqT-nin Avropa və Mərkəzi Asiya üzrə regional təhlükəsizlik mütəxəssisi Dominik Bollier ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüş zamanı Vüqar Süleymanov agentliyin yaradılması, məqsəd və vəzifələri, eləcə də Azərbaycanda mövcud mina təhlükəsi ilə mübarizə istiqamətində görülən işlər barədə məlumat verilib.
Vladimir Qyorqiyev BMqT-nin Azərbaycandakı cari fəaliyyəti barədə məlumat verdi və BMqT-nin hazırda kəhrizlərin - ənənəvi su təchizatı sistemlərinin bərpasına xüsusi diqqət yetirdiyini bildirdi. O, BMqT-nin bu layihəsi çərçivəsində Cəbrayıl rayonunda yerləşən iki kəhriz bərpa edilməsinin planlaşdırıldığını qeyd etdi.
Görüşdə azad edilmiş ərazilərdə yerləşən kəhrizlərin mina və digər partlayıcı sursatlarla çirklənmə vəziyyətinin dəyərləndirilməsi, onların təhlükəsiz bərpası məqsədilə minatəmizləmə əməliyyatlarının həyata keçirilməsi, minadan zərərçəkənlərə yardım və digər istiqamətlərdə mümkün əməkdaşlıq perspektivləri müzakirə edildi.
Qeyd edək ki, BMqT-nin Azərbaycan nümayəndəliyi və ANAMA 2007-ci ildən mina partlayışından sağ çıxanlara yardımın göstərilməsi sahəsində əməkdaşlıq edir.
Hər iki təşkilat 2007-2012-ci illəri əhatə edən “Azərbaycanda Mina Qurbanları üçün Sosial-İqtisadi Reinteqrasiya Proqramı”nı uğurla həyata keçirib. Bu proqram çərçivəsində 190 mina qurbanı biznes və idarəetmə bacarıqları üzrə təlim keçib. Onlardan 140 nəfərə kiçik biznes təşəbüslərinə başlamaq və fəaliyyətlərini genişləndirmək üçün mikrokreditlər verilib.
2013-cü ildə BMqT və ANAMA arasında minaların təmizlənməsi, o cümlədən ehtiyatların məhv edilməsi, mina qurbanlarına yardım, mina riski ilə bağlı maarifləndirmə, təlim və təcrübə mübadiləsi kimi sahələrdə beynəlxalq və yerli əməkdaşlığı nəzərdə tutan əməkdaşlıq sazişi imzalanıb.
Mehman