Son vaxtlar işçilərlə işəgötürənlər arasında meydana çıxan əsas problemlərdən biri də əmək haqqından olan tutulmalarla bağlıdır. Belə ki, vergi və sosial ödəmələrdən əlavə müxtəlif fondlar, yaxud yardım kampaniyaları üçün olunan tutulmalar işçilərdə narazılıq yaradır. Bir sıra hallarda bunun işçinin razılığı olmadan, ona əvvəlcədən məlumat verilmədən həyata keçirilməsi mübahisəni daha da dərinləşdirir. Bəs, görəsən hüquqi baxımdan bu məsələ necə tənzimlənməlidir?
Newscenter.az-ın xəbərinə görə, vəkil Vəfa Qədirova bildirib ki, Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Onun sözlərinə görə, işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız bu ödənişlər tutulur:
"Qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr, qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ, işəgötürənə işçinin təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği, müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu".
Vəfa Qədirova həmçinin, onu da deyib ki, xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği, mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər də işçidən tutula bilər:
"Eyni zamanda təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği, kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ, həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.bu sıraya daxcildir".
İnqilab